Vaxt.Az

Kreml Bakının siyasətini həzm edə bilmir


 

Qarşıda qarşılıqlı olaraq daha kəskin addımlar atıla bilər

Kreml Bakının siyasətini həzm edə bilmir Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik keçici deyil, hadisələrin inkişafı göstərir ki, səfirlərin geri çağırılmasına, hətta siyasi əlaqələrin dondurulmasına qədər davam edə bilər. Çünki çox ciddi ziddiyyətlər var. Məncə, əsas səbəb budur:

Rusiya Azərbaycan hökumətinin regionda yürütdüyü siyasətdən kəskin narazıdır.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik münasibətləri, TDT-nin siyasi bloka çevrilməsi istiqamətində fəaliyyəti;

Türkiyə və İsrailin müdafiə sənayesi ilə genişlənən əməkdaşlıq, Rusiya hərbi sənaye kompleksi ilə əlaqələrin kəsilməsi;

Azərbaycanın Pakistanla dərinləşən hərbi-siyasi əlaqələri, (yeni döyüş təyyarələrinin alınması və s);

Azərbaycanın Rusiyanın qatı düşmənləri Böyük Britaniya və Avropa İttifaqı ilə genişlənən, siyasi, iqtisadi münasibətləri;

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması perspektivi və Rusiyanın bu prosesdən kənarlaşdırılması;

Ermənistanla sərhədlərin delmitasiyası, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrin İrəvanla ikitərəfli çərçivəyə salınması, 10 noyabr razılaşmasının faktiki ləğvi;

Rusiya sülhməramlılarının çıxarılması və bunun əvəzində Xankəndidə Rusiyaya dayaq nöqtəsinin (konsulluq və s) verilməməsi;

Azərbaycanın Ukraynaya siyasi, mənəvi, humanitar dəstək verməsi və s.

Bunlar və qeyd edilməyən digər məsələlər Rusiyanın “qonşuluq” və “müttəfiqlik” anlayışına uyğun gəlmir. Məsələn, “müttəfiq” Belarus xarici siyasətdəki bütün addımlarını mütləq şəkildə Kremllə koordinasiya edir. Azərbaycandan da belə “müttəfiqlik” tələb olunur. Bakı isə Ukrayna müharibəsində Rusiyanın zəifləməsindən istifadə edərək, Türkiyənin dəstəyi ilə suverenliyini genişləndirir və artıq xarici siyasətin əsas istiqamətlərində buna nail olub. Qərbin Azərbaycana loyal, isti münasibətinin səbəbi də budur.

Qarşıda qarşılıqlı olaraq daha kəskin addımlar atıla bilər. Rusiya azərbaycanlı miqrantlarına qarşı kütləvi zorakılıq törədə, onların bir qismini ölkədən qova bilər. (Krokus Hall-da baş verən partlayışdan sonra Tacikistan vətəndaşlarının başına gətirilənləri xatırlamaq kifayətdir).

Habelə yazmağa lüzum görmədiyim - Rusiyaya xas başqa təxribatlar da mümkündür. Şübhəsiz ki, Bakının indiki sərt reaksiyası Rusiyadan qaynaqlanan, bizim bildiyimiz və ya bilmədiyimiz hərəkətlərlə bağlı ola bilər.

Bu arada İsrailin və ABŞ-nin yumruğunun altından təzəcə qalmış İranın da Azərbaycana diş qıcaması da risklər yarada bilər. Hökumətin ölkənin təhlükəsizliyi ilə bağlı yuxarıda sadalanan tədbirləri effektivdir. Amma ölkə daxilində də milli həmrəyliyi gücləndirəcək bir sıra vacib addımların atılmasına ehtiyac var.

 





01.07.2025    çap et  çap et