Saxlanılanların əksəriyyətinin Rusiya vətəndaşı olması məsələyə yeni siyasi və strateji çalar qatır. Burada Rusiya vətəndaşlarının Azərbaycanda etnik zəmində cinayət törətməsi yalnız kriminal fakt deyil, eyni zamanda dövlətlərarası münasibətlərə təsir edə biləcək ciddi bir mesajdır. Azərbaycan bu əməliyyatla açıq şəkildə göstərdi ki, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, cinayətkarlıq və etnik düşmənçilik cəhdləri amansızcasına cəzalandırılacaq.
Azərbaycan dövləti bu əməliyyatla, açıq şəkildə, Vladimir Putinə və Rusiya siyasi elitasına aşağıdakı mesajı verir:
“Azərbaycan suveren və güclü dövlətdir. Heç bir güc – o cümlədən Rusiya – Azərbaycana heç nə diktə edə bilməz. Artıq o dövr geridə qaldı. Azərbaycan hüquqi, milli və ideoloji baxımdan öz təhlükəsizliyini qorumağa qadirdir. Millətimizə qarşı edilən hər bir haqsızlıq cavabsız qalmayacaq – istər Yekaterinburqda, istər Bakıda”.
Kremlin bilməlidir ki, Əgər onun vətəndaşları Azərbaycanda sabitliyi pozmağa çalışırsa və etnik ədavəti körükləyirsə, onların pasportu onları qoruyamayacaq.
Azərbaycan dövləti bu hadisə ilə təkcə bir cinayətkar qrupu zərərsizləşdirmədi – Rusiya və İranın regiondakı qeyri-rəsmi təsir alətlərinə qarşı da prinsipial mövqe sərgilədi. Bu da o deməkdir ki, Cənubi Qafqazda yeni reallıq yaranıb. Burada sabitliyi pozanlara, hansı ölkədən olmasına baxmayaraq, yerləri göstəriləcək.