Vaxt.Az

Tarixi qaçırdılar, pul uçdu


 

Almaniya hökumətinə sərt etiraz

Tarixi qaçırdılar, pul uçdu Almaniya Avropa Birliyinin iqlim dəyişikliyindən təsirlənən vətəndaşlar üçün yaratdığı 5,3 milyard avroluq dəstək fonduna müraciət etmək üçün son tarixi qaçırıb.

Hökumətin 2025-ci il iyunun 30-dək Avropa Komissiyasına təqdim edilməli olan “İqlim Sosial Planı” vaxtında tamamlana bilməyib. Bu, Almaniyanın birbaşa fondu itirəcəyi demək olmasa da, planlaşdırma və icrada ciddi ləngimə olduğunu göstərir.

Almaniyanın Ətraf Mühit Nazirliyi planın hələ hazırlıq mərhələsində olduğunu və il ərzində tamamlanacağını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, Almaniya fondu itirməyəcək; vacib olan planın məzmunu və onun həyata keçirilməsinin keyfiyyətidir. Həmçinin bir çox AB-yə üzv dövlətlərin ərizələrini vaxtında tamamlaya bilmədiyi və əlavə vaxt tələb etdiyi paylaşılıb. Komissiyanın müraciətlərin qiymətləndirilməsində bu vəziyyəti nəzərə alacağı gözlənilir.

Ümumi dəyəri 86,7 milyard avro olan AB İqlim Sosial Fondu enerji keçidinin yaratdığı maliyyə yükünü azaltmaq üçün 2026-2032-ci illər arasında fəaliyyətə başlayıb. O, aşağı gəlirli ev təsərrüfatları üçün istilik və nəqliyyat kimi əsas enerji xərclərinin artımını kompensasiya etmək üçün nəzərdə tutulub. Fondun böyük hissəsi AB-nin emissiya ticarəti sistemindən əldə edilən gəlirlər, qalan hissəsi isə üzv dövlətlərin töhfələri hesabına maliyyələşdiriləcək.

***

Yaşıllar Partiyasının iqlim siyasəti sözçüsü Liza Badum Almaniyanın buraxılmış müraciət tarixini sərt ifadələrlə tənqid edib. Badum, "Bu, onsuz da artan enerji xərclərinin öhdəsindən gəlmək üçün mübarizə aparan vətəndaşların üzünə bir sillədir", – deyib.

Partiya daxilində iqtisadiyyat sahəsində səlahiyyətli olan Mixael Kellner, planın gecikməsi səbəbiylə xüsusilə aztəminatlı vətəndaşların enerji qənaətcil mənzil və ya elektrikli avtomobil kimi dəstəklərdən daha sonra faydalanacağını ifadə edərək, "Nə qədər tez təqdim edilərsə, o qədər tez dəstək veriləcək" deyib.

 





01.07.2025    çap et  çap et