Vaxt.Az

Təbiətdə bir ilk


 

Qatil balinalar yeməklərini insanlarla bölüşürlər

Təbiətdə bir ilk Yeni nəşr olunan bir araşdırma, qatil balinaların (orkalar) ovlarını insanlara təqdim edərək paylaşmağa çalışdıqlarını ortaya qoydu. Bu təəccüblü tapıntı onu göstərir ki, bu ağıllı dəniz məməliləri insanlarla əlaqə qurmağa çalışırlar.

Ev heyvanlarının, xüsusən də pişiklərin ovlarını sahiblərinə hədiyyə etmələri adi haldır. Bu, adətən, sevgi və ya “ailə ilə yemək paylaşmaq” istəyi ilə izah olunur. Bununla belə, yırtıcı bir heyvanın vəhşi təbiətdə könüllü olaraq ovunu insanlarla paylaşmasına bəlkə də, heç vaxt rast gəlinməyib.

Kanada, Yeni Zelandiya və Meksikadan olan elm adamları tərəfindən “Journal of Comparative Psychology” jurnalında dərc olunan yeni araşdırmada son 20 ildə dünyada qeydə alınan 34 orka-insan qarşılıqlı əlaqəsi araşdırılıb. Bu hadisələr Kaliforniya, Yeni Zelandiya, Norveç və Pataqoniya sahillərində baş verib.

***

Araşdırma qrupunun rəhbəri Cared Touers, “Orkalar tez-tez ovlarını bir-biri ilə bölüşürlər. Bu, onların sosial bağlarını gücləndirən davranışdır. İnsanlara ov təklif etmək onların bizimlə münasibət qurmaq istədiklərinin əlaməti ola bilər”, – deyib.

***

34 hadisədən 11-də insanlar suda, 21-də qayıqda, ikisində isə quruda olub. Bütün hallarda orkalar öz istəkləri ilə yaxınlaşaraq ovlarını insanların qarşısında qoyub gedirdilər. Əksər hallarda balinalar ovlarını tərk etdikdən sonra insanları müşahidə edib, onların nə edəcəyini izləyirdilər. Maraqlıdır ki, 7 hadisədə insanlar ilk təklifi rədd edəndə orkalar ovunu yenidən təklif etməyə çalışıblar.

 

Paylaşmağın səbəbi nədir?

 

Tədqiqatçıların fikrincə, ovlarını paylaşmaqla orkalar həm öz növləri daxilində, həm də növlər arasında əlaqələr qurmaq, mədəni davranışları gücləndirmək, oyunlar oynamaq və ya insan davranışlarını araşdırmaq imkanı əldə edirlər. Orkaların mürəkkəb sosial quruluşu və qabaqcıl idrak qabiliyyətləri bu davranışı dəstəkləyir.

Tədqiqat bu vəziyyəti aşağıdakı ifadələrlə izah etdi: “Orkanın bu davranışı qısa və ya uzun müddətdə maddi, intellektual və ya emosional faydalar təmin edə bilər. Bu imkanların heç biri bir-birini istisna etmir”.

 





01.07.2025    çap et  çap et