Vaxt.Az

“Üç faiz əmsalı 1 trilyon dollara başa gəlir”


 

Donald Tramp: “30-40 ildir ABŞ-ı taladıqları üçün ərköyünləşiblər”

“Üç faiz əmsalı 1 trilyon dollara başa gəlir” ABŞ prezidenti Tramp Floridadan qayıtdıqdan sonra “Air Force One”da mətbuat mənsublarının suallarını cavablandırıb.

Tramp ABŞ-da inflyasiya olmadığını və faiz dərəcələrinin aşağı salınmalı olduğunu, faizlərin üç bənd aşağı salınmamasının ölkəyə təxminən 1 trilyon dollara başa gələcəyini bildirib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelə qarşı “Amma bizdə bir axmaq var” ifadəsini işlədən Tramp, Paueli əvəz edə biləcək iki və ya üç namizəd müəyyən etdiyini qeyd edib.

Tariflərin təxirə salınma müddətini uzatmağı planlaşdırmadığını bildirən Tramp, bir çox ölkəyə ödəməli olduqları gömrük rüsumlarını ehtiva edən məktublar göndərəcəyini açıqlayıb.

Tarif endirimini iyulun 9-dan sonra uzatmağı düşünüb-düşünmədiyini soruşduqda Tramp, “Xeyr, belə düşünmürəm”, – deyib.

Tramp Yaponiya ilə ticarət müqaviləsinin bağlanacağına əmin olmadığını ifadə edərək, Yaponiya və digər ölkələrin “30-40 ildir ABŞ-ı taladıqları üçün ərköyünləşiblər”, – deyib.

Yaponiyanın ehtiyacı olduğu halda ABŞ-dan düyü almadığını bildirən Tramp, bu ölkənin milyonlarla maşın göndərdiyi halda ABŞ-dan maşın idxal etmədiyini də qeyd edib.

Tramp, ABŞ-ın Yaponiya ilə böyük ortaqlığı olduğunu, lakin bu ölkənin onlara ticarət baxımından ədalətsiz davrandığını müdafiə edərək, “Həmin günlər geridə qaldı. Ona görə də onlara bir məktub yazıb deyəcəyəm: “Biz sizə çox təşəkkür edirik və bilirik ki, ehtiyacımız olanı edə bilməzsiniz, ona görə də 30 faiz, 35 faiz və ya bizim təyin etdiyimiz hər hansı rəqəmi ödəyirsiniz”. Çünki bildiyiniz kimi, bizim də Yaponiya ilə çox böyük ticarət kəsirimiz var və bu, Amerika xalqına qarşı çox ədalətsizlikdir”.

ABŞ prezidenti Tramp ölkələrə məktublar yazacaqlarını və ABŞ-da iş görmək icazəsi almaq üçün ödəməli olduqları tarifləri bildirəcəklərini təkrarlayıb.

 





02.07.2025    çap et  çap et