Merz quru sərhədlərinə nəzarətin artırılması planları ilə bağlı, “Biz təbii olaraq Şengen zonasını qorumaq istəyirik, lakin Şengen zonasında sərbəst hərəkət yalnız uzunmüddətli perspektivdə qeyri-qanuni miqrasiyanı təşviq edənlər, xüsusilə də miqrant qaçaqmalçıları tərəfindən sui-istifadə edilmədiyi təqdirdə işləyəcək”, – deyib.
Polşanın baş naziri Donald Tusk dünən bildirib ki, qeyri-qanuni miqrasiya ilə bağlı artan narahatlıqlar fonunda hökuməti Almaniya və Litva ilə sərhəd nəzarətini bərpa etməyi düşünür.
Polşa dövlət xəbər agentliyi “TVP World” xəbər verir ki, Tusk ölkə sərhədlərindəki ümumi vəziyyəti qiymətləndirmək üçün Daxili İşlər Nazirliyi, sərhədçilər, ordu və polis rəsmiləri ilə təhlükəsizlik brifinqinin keçiriləcəyini bildirib.
Tusk, “Alman tərəfinə şübhəli halların davam edəcəyi təqdirdə Polşa-Almaniya sərhədində nəzarəti bərpa etməli ola biləcəyimizi bildirdik”, – deyib. O vurğulayıb ki, sərhəd təhlükəsizliyi hökumətin əsas prioritetlərindən biridir.
Tusk istənilən qərarın Polşa vətəndaşlarına minimal narahatlıq yaradacaq şəkildə həyata keçiriləcəyini əlavə edərək, Litvadan Polşaya qeyri-qanuni keçidlərin qarşısının alınması üçün də tədbirlərin görüləcəyini vurğulayıb.
Ayrı bir mətbuat konfransında vəzifəsini tərk edən prezident Andrey Duda da hökuməti qeyri-qanuni miqrantların Almaniyadan Polşaya geri göndərilməsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Duda hökumətin təzyiqlərə reaksiya verməməsini tənqid edib: “Biz qanunların pozulmasına və miqrantların zorla ölkəmizə soxulmasına icazə verə bilmərik. Almaniya bu miqrasiya problemini yaratdı və onlar bununla özləri məşğul olmalıdırlar. Biz bunu onlar üçün həll etməyəcəyik”.