Vaxt.Az

Həmişəki kimi işləməyəcək


 

Azərbaycan və Rusiya münasibətləri sistem böhranı səviyyəsinə keçir

Həmişəki kimi işləməyəcək Rusiya rəhbərliyinin AZAL təyyarəsinin vurulması ilə bağlı Azərbaycanın ədalətli gözləntilərinə cavab verəcək addımlar atmaması münasibətlərdə qeyri-müəyyənlik vəziyyəti yaratdı. Azərbaycan Prezidentinin 9 may paradında iştirak etməməsi münasibətlərin normallaşdırılması üçün tədbirlər görülməsi lazım olduğuna işarət idi. Lakin Rusiya rəhbərliyi heç nə etməmək, qeyri-müəyyənlik və ali səviyyədə dialoqun olmadığı bir şəraitdə əməkdaşlığı davam etdirmək qərarına gəldi.

Həqiqətən də, əməkdaşlığın müxtəlif sahələri üzrə işlər əvvəlki kimi öz axarı ilə gedirdi. Rusiyanın hər bir qeyri-dost hərəkətinə Azərbaycan tərəfindən analoji cavab verilirdi: Azərbaycan resurslarına kiberhücum – “Sputnik”in fəaliyyətinin məhdudlaşdırılması; Milli Məclis deputatının deportasiyası - Bakıdakı Rossotrudniçestvo nümayəndəliyinin bağlanması və s.

Lakin Yekaterinburqda baş verən son hadisələr münasibətlərdəki qeyri-müəyyənliyi kəskin şəkildə dəyişdi. Həbs zamanı hüquq-mühafizə orqanlarının  vəhşiliyi nəticəsində ölən və yaralananların olması, həmçinin 25 il əvvəl baş vermiş cinayətə görə ittihamlar baş verənlərin Rusiya dövləti tərəfindən Azərbaycan və azərbaycanlıları qorxutmaq üçün planlaşdırılmış bir aksiya olması fikrini doğurur.

Bu hadisə ikitərəfli əlaqələrdəki mövcud böhranın münasibətlərin digər sahələrinə yayılmasına səbəb oldu: Vitse-prezident Overçukun Bakı səfərinin ləğvi, dövlət və özəl səviyyədə humanitar xarakterli tədbirlərin ləğvi... Beləliklə də, böhran elə bir vəziyyət yaradır ki, artıq “business as usual” (həmişəki kimi işləmək) prinsipi işləmir və münasibətlərin həmişəki kimi öz axarı ilə davam etməsi mümkünsüz hala gəlir.

Növbəti addım kimi Rusiya və Azərbaycan arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi gündəmə gələ bilər.

Azərbaycan və Rusiya münasibətləri həmişə şəxsiyyətlərdən, liderlərdən asılı olub. Böhranın başlanğıcından, yəni Rusiya Silahlı Qüvvələri tərəfindən AZAL-ın mülkü təyyarəsinin vurulmasından etibarən Bakının mesajları birbaşa Rusiya rəhbərliyinə ünvanlanıb. Lakin müvafiq cavab alınmayıb.

Artıq aydındır ki, Kreml Rusiyada Azərbaycan əleyhinə addımlar barədə tam məlumata malikdir və əgər bu addımları dayandırmırsa, deməli onları təşviq edir.

 

Rusiya hakimiyyətinin faşist ritorikasında miqrantlar konteksti

 

Ukraynanın işğalı və işğal olunmuş ərazilərdə etnik təmizləmə aparıldıqdan sonra Rusiya rəhbərliyi ölkə daxilində mövcud olan nasist və faşist meylləri təşviq etmək kursunu seçdi və bu təhlükəli tendensiyaları qanunvericiliyə daxil etdi. Əsas hədəf miqrantlar oldu, onların fəaliyyətinə qarşı qanunlar sərtləşdirildi və ən qəddar tədbirlər həyata keçirildi. Mərkəzi Asiyanın bütün ölkələri artıq bununla bağlı öz etirazlarını bildiriblər və Yekaterinburqdakı son dəhşətli hadisə Azərbaycan tərəfindən də etiraz üçün əsas oldu.

Rusiya cəmiyyətinin faşistləşməsi ölkənin qonşularla münasibətləri və gələcəyi üçün nəticələr doğuracaq. Görünür Priqojinin üsyanı Rusiya rəhbərliyi üçün dərs olmadı.

 

Rusiya Cənubi Qafqaz regionunda itkilərlə üzləşəcək

 

Bakı nümayiş etdirir ki, hətta Rusiya liderinin şəxsiyyəti faktoru belə milli maraqların irəli sürülməsində maneə olmayacaq. Əgər Moskvada miqrantlarsız yaşamaq istəyirlərsə, nəticə etibarilə xarici perimetrdə tərəfdaşsız qalacaqlar və eyni zamanda, quruda və dənizdə NATO ölkələrinin hərbi bazalarının mövcudluğu ilə bağlı vacib mövzularda əldə edilmiş razılaşmalar aktuallığını itirəcək.

 





02.07.2025    çap et  çap et