Vaxt.Az

EGO-su özünə sığmayan Putin


 

Necə deyərlər, yaxşı olsan, yaxşı olacağıq, pis olsan pis

EGO-su özünə sığmayan Putin Belə fikir hakimdir ki, lazım gəlsə, siyasətdə dosta arxadan bıçaq da saplaya bilərsən, yalan da danışarsan. İlham Əliyev isə klassiklərin siyasət barədəki fikirlərini alt-üst etdi – siyasətdə təmiz olmalısan. Dosta sədaqət və lazımi anda jest göstərməlisən.

Rusiya elə düşünür ki, Qarabağ münaqişəsinin həllinə görə Azərbaycan Rusiyaya ömür boyu borclu olmalıdır. Halbuki Rusiya bu münaqişənin həllində əlindən gələni etdi ki, torpaqlar işğalda qalsın.  İstənilən halda İlham Əliyev yenə jest etdi, münasibət korlanmasın. Sanksiyalar altında qalan Şimal qonşusuna aqrar məhsulların ixracını davam etdirdi. Yeni müəssisələr də  yaradıldı ki, Rusiya çox əziyyət çəkməsin. Halbuki dövlət başçısının ölkələrlə yaratdığı dostluq münasibətləri aqrar sektoru  şaxələndirməyə imkan verir. Qazaxıstan, Qətər kimi ölkələr Azərbaycan məhsullarını almaq üçün müraciət edirlər.

İlham Əliyev yaxşı qonşu olub və lazımi anda dost jesti edib. Rusiyada broyler fabriklərinin monopoliya və kartel sövdələşmələri yumurta istehsalında problem yaradanda da İlham Əliyev Putinin xahişini yerə salmayıb yüz minlərlə yumurta göndərdi.

Qərb ölkələri Rusiya ilə müqavilə bağlayan ölkələri qorxudub təhdid altında saxlayanda, İlham Əliyev Şimal-Cənub marşrutunu təklif etdi ki, Rusiyaya nəfəslik açılsın. Rusiya  qazının alınmasına dair müqavilə də imzaladı ki, bu da bir müttəfiqlik jesti olsun. Halbuki o müqavilə bizə heç də lazım deyildi.

İlham Əliyev Qarabağ münaqişəsinin həllindən sonra “daha sən mənə lazım deyilsən” deyə üz çevirməyi təmiz siyasətçi xarakterinə sığışdırmadı. Yenə də dostluq münasibətlərinə üstünlük verdi. Çünki əsas tezisi ondan ibarətdir ki, qonşu ölkələr varlı olmalıdır ki, iqtisadi münasibətlərdə problem yaranmasın.

İlham Əliyev hətta təyyarə qəzasından sonra da iqtisadi əməkdaşlığı kəsmədi. Yenə də aqrar və digər sahələrə dair ticarət əməkdaşlığı davam etdi. Qonşunu pis vəziyyətdə qoymadı. O, yalnız üzr istənilməsini gözləyirdi. Bircə üzr.

Hətta İran-İsrail münaqişəsində çətin vəziyyətdə qalan Rusiya sakinlərinə, incəsənət xadimlərinə dəhliz verdi, üstəlik onların bir neçə gün Bakıda qalmaları üçün hotel də ayırtdırdı.

Daha bundan artıq qonşuya nə jest edərlər.

Dövlət başçısı xaraktercə küsəyən olar, EGO-su fəvvarə vurar, amma arxasında xalqın mövcudluğu və ölkəsinin təhlükəsizliyi naminə şəxsi xislətindən vaz keçər. Bircə üzrün istənilməməsi hansı hadisələrə gətirib çıxardı.

Putinin İlham Əliyevdən öyrəniləsi bir nəsnə var: siyasətdə təmizlik və sədaqət. Onu da öyrənməlidir ki, qonşular mehriban olmalı, çətinliklərin öhdəsindən birgə gəlməli, rifah naminə çalışmalıdırlar.

Bu, 1990-cı illər deyil ki, Samur çayında problem yaradıb şimal rayonlarımızı işıqsız qoyasız, ya skinhedlər vasitəsilə soydaşlarımızı qətlə yetirəsiz, ya kənd təsərrüfatı məhsullarımızı Yalama keçid məntəqəsində günlərlə saxlayıb “bizimlə hesablaşmalısız” mesajını verəsiz, ya Hillari Klinton kimi qərb siyasətçiləri ölkəmizə gələndə Ermənistan ordusunun sizə satılmış qərargah rəisləri vasitəsilə atəşkəsi pozub onlarla əsgərimizi öldürtdürəsiz, ya “Şahdəniz-2” yatağının yenidən BP ilə işlənməməsini xəbərdarlıq qismində terrorla yerinə yetirəsiz. İlham Əliyev bu illər ərzində siz tərəfdən gözlənilən bütün təhdidləri aradan qaldırmaq üçün əməli addımlar atdı. Samur çayında problem yaradıb şimal rayonlarımızı qaranlığa qərq edəndə Modul tipli stansiyalar tikdirdi ki, elektrik enerjisi təminatında sizdən asılı qalmayaq.

Sən Putin, bu dəfə soydaşlarımızı qətlə yetirəndə nəzərə almalı idin ki, İlham Əliyev sizin dilinizdə deyirlərsə, “крепкий орешек” dir. O vaxt Neft Akademiyasında terror törədilən həlak olanların və yaralıların ailəsinə kompensasiya ödədi, lakin ümummilli hüzn günü elan etmədi. Bilirsiz niyə etmədi? Bununla demək istədi ki, faciəni içimdə çəkəcəm, amma hüzn günü elan edib səni sevindirməyəcəm, yəni başımızdan bir tük də apara bilmədin.

Necə deyərlər, yaxşı olsan, yaxşı olacağıq, pis olsan pis.

Təmiz siyasətin nüvəsi elə budur.

 





02.07.2025    çap et  çap et