Vaxt.Az

Tarixi zərurət, strateji cavab


 

Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur

Tarixi zərurət, strateji cavab Son aylarda İran və Rusiya rejimlərinin Azərbaycan dövlətinə qarşı artan təzyiqləri, siyasi təxribatları və açıq-aşkar təhdidləri göstərir ki, bölgədə müstəqil mövqe tutmaq istəyən hər bir güc, imperiya maraqları ilə üz-üzə qalır. Lakin Azərbaycan dövləti artıq yalnız öz sərhədlərini deyil, bir millətin ləyaqətini, milli kimliyini və strateji iradəsini qoruyan bir dövlətə çevrilib.

İran rejimi, Güney Azərbaycanda yüksələn milli oyanışdan ciddi şəkildə qorxur. Bu səbəbdən Azərbaycanı hədəfə alır, qorxutmağa, “təcrid” etməyə çalışır. Ancaq bu rejim anlamır ki, Azərbaycan Respublikası bu gün Güneydə əsrlərdir susdurulan bir millətin haqq səsinin, hüququnun və kimliyinin arxasında duran yeganə dövlət gücdür.

Rusiya isə, keçmişin imperiya xəyalları ilə Cənubi Qafqazda yenidən hegemonluq qurmağa çalışır. Azərbaycanın qəti siyasi iradəsi, Zəngəzur dəhlizində strateji mövqeyi və Türk dünyası ilə birliyi, Kremlin planlarını pozur. Amma bu gün qarşılarında zəif, asılı bir dövlət yox, suveren qərar verən və bölgənin siyasi arxitekturasını dəyişən Güclü Azərbaycan dövləti dayanır.

Bütöv Azərbaycan ideyası müharibə çağırışı deyil. Bu, bir millətin öz varlığına sahib çıxmaq haqqıdır. Bu, 1828-dən bəri süni şəkildə parçalanmış bir millətin tarixi birliyinə, mədəni bütövlüyünə və siyasi iradəsinə doğru dönüşüdür. Bu ideya gücünü silahdan deyil, tarixdən, milli yaddaşdan və müasir reallıqlardan alır.

Bu gün Bütöv Azərbaycan arzu yox, zamanın diktə etdiyi tarixi zərurət və milli şüurun tələbidir.  Artıq bu haqqı qorumağa, yaşatmağa və gerçəkləşdirməyə hazır olan bir dövlət var – Güclü Azərbaycan.

 





02.07.2025    çap et  çap et