Vaxt.Az

“İran minalamağa hazırlaşırdı”


 

Atəşkəsdən sonra Hörmüz iddiası

“İran minalamağa hazırlaşırdı” İsrail ilə İran arasında 12 günlük müharibənin ardından elan edilən atəşkəs davam edərkən müharibə ilə bağlı yeni iddia ortaya atılıb. “Reuters” xəbər agentliyinə danışan iki ABŞ rəsmisi İran ordusunun iyun ayında Fars körfəzində gəmilərə dəniz minaları yüklədiyini iddia edib. Bildirilib ki, sözügedən addım ABŞ-da İsrailin İrana hücumlarından sonra Tehran rəhbərliyinin Hörmüz boğazını bağlamaq üçün hazırlıqlarını artırması ilə bağlı narahatlığı artırıb.

Daha əvvəl mətbuata açıqlama verilməyən hazırlıqların ABŞ kəşfiyyatı tərəfindən təsbit edildiyi və İsrailin 13 iyunda İrana ilk hücumlarından bir müddət sonra həyata keçirildiyi bildirilib. Məlumata görə, Körfəzdə istifadə olunmayan minaların gəmilərə yüklənməsi İranın Hörmüzü bağlamaqda ciddi olduğunu göstərir.

Dünya neftinin təxminən beşdə biri Hörmüz boğazından keçdiyi üçün mümkün tıxanma halında enerji qiymətlərinin artacağı düşünülürdü.

“Reuters” xəbər verir ki, mövzu ilə bağlı hesabatında Tehranın müharibə zamanı minaları nə vaxt doldurduğunu dəqiq müəyyən edə bilməyib. Həmçinin minaların gəmilərdən boşaldılıb-boşaldılmaması da bəlli deyildi.

Mənbələr ABŞ-ın minaların İran gəmilərinə yerləşdirildiyini necə aşkar etdiyi barədə məlumat verməyib. Bu cür kəşfiyyat məlumatları çox vaxt peyk görüntüləri, gizli insan mənbələri və ya ikisinin kombinasiyası vasitəsilə əldə edilir.

İranın hazırlıqları ilə bağlı sualı cavablandıran Ağ Ev rəsmisi, ABŞ prezidenti Donald Trampın “Gecəyarısı çəkic” əməliyyatını möhtəşəm şəkildə həyata keçirməsi, husilərə qarşı uğurlu əməliyyat və həyata keçirdiyi maksimum təzyiq siyasəti Hörmüz boğazını açıq saxladığını, naviqasiya azadlığını bərpa etdiyini və İranı əhəmiyyətli dərəcədə zəiflətdiyini iddia edib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) missiyası məsələ ilə bağlı şərh tələbinə cavab verməyib.

***

Adları açıqlanmayan iki məmur, ABŞ hökumətinin minaların “oyun” olması ehtimalını inkar etmədiyini bildirib. İddialara görə, İran ABŞ administrasiyasını Hörmüzü bağlamaq fikrində olmasa belə, ciddi olduqlarına inandırmaq üçün hazırlıq görmüş ola bilər.

Digər tərəfdən, Tehran rəhbərliyinin belə bir əmr verəcəyi təqdirdə İran ordusu lazımi hazırlıqları görmüş ola bilər.

Bununla belə, o da bildirilib ki, İran öz xam neftinin böyük hissəsini Hörmüz vasitəsilə ixrac etdiyi üçün Boğazın bağlanmasına o qədər də həvəsli olmaya bilər. Buna baxmayaraq, İran lazım bildiyi halda bunu edə bilməsini təmin etmək üçün bu işə xeyli vəsait ayırıb.

ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin hesablamalarına görə, 2019-cu ilə qədər İranda kiçik sürətli qayıqların köməyi ilə istifadə edə biləcəyi 5000-dən çox dəniz minası var.

 





02.07.2025    çap et  çap et