Vaxt.Az

Çoxsaylı xəsarətlərin şokundan ölüblər


 

“Baş Prokurorluq bu cinayət işinin araşdırılmasını öz borcu hesab edir”

Çoxsaylı xəsarətlərin şokundan ölüblər Hadisə şahidlərinin ifadələri, o cümlədən vizual sübutlar bir daha təsdiqləyir ki, azərbaycanlılar Yekaterinburqda saxlanılarkən və daşınarkən sistematik şəkildə fiziki zorakılığa məruz qalıblar. Bu barədə bu gün brifinqdə Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov məlumat verib.

O bildirib ki, ilkin ekspert rəyinə görə, Səfarov qardaşlarının hər ikisi posttravmatik və posthemorragik şokdan vəfat edib: “Bu da çoxsaylı bədən xəsarətləri nəticəsində baş verib”.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov qeyd edib ki, Rusiya tərəfindən azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət işləri ilə bağlı Azərbaycan tərəfinə heç bir hüquqi yardım sorğusu göndərilməyib.

“Söhbət 2001-ci ildə baş vermiş qəsdən adam öldürməyə cəhd və digər hadisələrlə bağlı üç cinayət işindən gedir. Bu halların heç biri üzrə Azərbaycan hüquq-mühafizə orqanlarına hər hansı hüquqi yardım barədə müraciət daxil olmayıb”, — deyə o vurğulayıb.

Nəmat Əvəzov qeyd edib ki, azərbaycanlıların Yekaterinburqda qətlə yetirilməsində təqsiri olan şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Azərbaycan bütün hüquqi mexanizmlərdən istifadə edəcək.

İdarə rəisi vurğulayıb ki, Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi Konstitusiyanın əsas prinsiplərindən biridir.

“Bu hüquqların təmin edilməsi dövlətin ali məqsədidir və Azərbaycan prokurorluğu bu prinsiplərə sadiqdir. Baş Prokurorluq bu cinayət işinin araşdırılmasını öz borcu hesab edir”, — deyə o qeyd edib.

Nemət Əvəzov həmçinin bildirib ki, Azərbaycan Rusiya ərazisində azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı araşdırma çərçivəsində Rusiya müvafiq orqanlarına sorğu göndərib.

Onun sözlərinə görə, Rusiya tərəfinə zəruri istintaq hərəkətlərinin, o cümlədən ekspertizaların və baxışların keçirilməsi təklif olunub.

Əvəzov Rusiya hüquq-mühafizə orqanlarının operativ şəkildə araşdırmaya başlamasına ümid etdiyini də qeyd edib.

 





02.07.2025    çap et  çap et