Vaxt.Az

Yenilənmiş sovet ambisiyaları


 

Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür

Yenilənmiş sovet ambisiyaları Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və Prezidentin mətbuat katibi Dmitri Peskovun açıqlamaları Moskvanın Azərbaycan və Cənubi Qafqaz siyasətindəki imperialist, işğalçı və şovinizm dolu mövqeyini bir daha açıq şəkildə ortaya qoyur. Bu açıqlamalar yalnız regional sabitliyi pozmaqla qalmır, həm də Azərbaycanın suverenliyinə və milli maraqlarına qarşı təhdid kimi dəyərləndirilməlidir.

Zaxarovanın “Moskva Bakını ölkələr arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırır” bəyanatı əslində Azərbaycanın xarici siyasətini və müstəqil mövqeyini Moskvanın diktəsi altında saxlamaq istəyini ifadə edir. Bu, sovet dövrünün imperiya ambisiyalarının təzələnməsindən başqa bir şey deyil.

Dmitri Peskovun Ukraynanı Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaratmaqda ittiham etməsi isə sadəcə mövcud geosiyasi reallıqlardan qaçmaq və məsuliyyəti başqa istiqamətə yönəltmək cəhdidir. Rusiya öz imperialist siyasətinin və regionda təzyiq mexanizmlərinin nəticələrindən boyun qaçırır, məsuliyyəti Ukraynaya atır.

Duma deputatı Andrey Luqovoyun “Qafqaz barıt üzərində qurulub” və “Yandırdılar və başladı” kimi təhdidkar ifadələri isə Moskvanın bölgədə gərginliyi alovlandırmaq, etnik qarşıdurmaları və zorakılığı təşviq etmək niyyətində olduğunu göstərir. Bu, açıq işğalçı, şovinizm siyasətidir və bölgədə sülhün ən böyük düşməni məhz Rusiyadır.

Rusiya hakimiyyətinin Azərbaycana qarşı yürütdüyü bu ritorika və siyasət, əslində, keçmişdə imperiya yaratmaq arzusu ilə yaşayan, bu gün də özünü dünya gücü hesab edən, işğalçı, təcavüzkar və şovinizmə əsaslanan çürüməkdə olan bir terrorçu rejimin ifadəsidir.

“Böyük Rusiya” xəyalı ilə yaşayanlar bilməlidirlər ki, Azərbaycan xalqı və dövləti bu imperialist, işğalçı və şovinizm siyasətinə qarşı əzmkar dayanacaq, milli suverenlik və hüquqlarını qoruyacaq. Rusiya kimi köhnə imperiya ambisiyaları ilə yaşayan ölkələrin təhdidlərinə və təzyiqlərinə qarşı Azərbaycan öz yolunu, müstəqilliyini və regionda sülhü qorumaq üçün mübarizəsini davam etdirəcək.

 





02.07.2025    çap et  çap et