Vaxt.Az

Rusiyanın aqoniyası


 

İmperiya təkcə siyasi xəritədən silinməyəcək

Rusiyanın aqoniyası İmperiyaların dağılması prosesi çox uzun çəkir – bu, heç zaman bir günə, bir aya, bir ilə baş vermir. Roma imperiyasının süqutu əsrlərlə davam etdi, Osmanlının aqoniyası təxminən iki yüz il çəkdi, Teymurləng imperiyasının tam süqutu isə yarım əsrə yaxın bir dövrü əhatə etdi.

Tarix bizə həm də onu göstərir ki, imperiyaların dağılması yalnız siyasi akt deyil, bu həm də dərin geosiyasi, mədəni və psixoloji transformasiyadır. Bu proses nadir hallarda sülh şəraitində baş verir. İmperiyalar yalnız siyasi xəritədən silinmir, həm də onlara bağlı olan iqtisadi sistemlər, idarəetmə modelləri, etnik balanslar, sosiokültürəl münasibətlər və hətta insanların düşüncə tərzi dağıdılır, yenidən qurulur və ya məhv olur.

SSRİ-nin süqutu da bu qanunauyğunluğun bir hissəsidir. Rəsmi dağılma 1991-ci ilin dekabrında “Belovejski puşa”da (meşədə) elan edilsə də, əslində bu uzun sürən prosesin aktiv mərhələyə keçməsi idi.

Bu dağılma yalnız siyasi sərhədlərin dəyişməsi ilə bitmədi. Onun ilk təzahürü Qafqazda qanlı münaqişələr (Qarabağ, Abxaziya, Cənubi Osetiya, daha sonra Çeçenistan və s.) şəklində təzahür etdi, sonra Moldovada Dnestryanı qarşıdurma oldu, Baltik ölkələrində də toqquşma olmuşdu, Mərkəzi Asiyada isə Fərqanə vadisində və Tacikistanda müharibələr baş verdi. 2014-cü ildən başlayaraq Ukraynada Krımın ilhaqı və Donbasda müharibə, 2022-ci ildən isə artıq dörd ildir ki, total miqyaslı Ukrayna-Rusiya müharibəsi davam edir.

Bunlar imperiyanın aqoniyasının ziqzaqları idi, eləcə də indi Rusiyada baş verənlər də bunun təzahürüdür. Bu kontekstdə hazırkı aqoniya heç bir halda Azərbaycan kimi geosiyasi cəhətdən vacib mərkəzdən yan keçə bilməzdi.

Lakin onu da qeyd etmək lazımdır ki, bütün bu kontekst Azərbaycan üçün yalnız geosiyasi təhlükə deyil, həm də bir tarixi fürsətdir. Azərbaycanın yerləşdiyi məkan imperiyaların qırılma xəttidir (bu barədə daha geniş yazmaq olar), bu da bizi bir çox risklərə daha açıq edir...

Hazırda bizdən asılı olan bu prosesləri diqqətdə saxlamaq, geosiyasi şərtlərə uyğun uzunmüddətli strategiyamızı hazırlamaq və eyni zamanda istənilən ssenariyə hazır olmağımızdır.

 





02.07.2025    çap et  çap et