Vaxt.Az

“Cəngavər ruhunun” son işartıları ...


 

... Yaxud bütün hərbi nəcabət ənənələrinin dəfn törəni

“Cəngavər ruhunun” son işartıları ... Qarşı duran tərəflərin bir-birinə hörmət və izzətli yanaşması, sonuncu “nəcib” və “cəngavər” müharibəsi kimi 1904/05-ci il rus-yapon savaşını qeyd edirlər. (Bu xüsusda general Əliağa Şıxlinskinin memuarlarını mütaliə edin, orada bundan bəhs edilib).

Sonra I Dünya Müharibəsi başlandı, o da əslində orta çağların “cəngavər qaydaları” ilə başlanırdı, kimsə “total müharibə” (və paralel olaraq total vəhşət) olacağını gözləmirdi.

İlk öncə 25 avqust 1914-cü ildə almanlar qisas aktı kimi Belçikanın Löven şəhərini yandırdılar, oranın Universitetinin unikal bir kitabxanasını vardı, onu da məhv etdilər, yanğın nəticəsində 300.000 kitab, o cümlədən bir çox orta əsr kitabı və əlyazmaları məhv oldu. Həmin gün şəhərdə 248 mülki sakin öldürüldü, 10.000 nəfər evlərini tərk edərək qaçqın vəziyyətinə düşdü.

Lakin yenə də keçmişin nəcib qaydaları xatırlandı, Birinci Dünya Müharibəsinin Qərb cəbhəsində, 1914-cü ilin Milad ərəfəsində və konkret Milad günü (25 dekabr) Milad atəşkəsi (alm. Weihnachtsfrieden) baş verdi – bu da döyüşlərin həmin zaman dayandırılması hallarına verilən ümumi addır.

Yeni ildən bir həftə əvvəl bəzi ingilis və alman əsgərləri səngərlərdən bir-birlərinə Milad təbrikləri və nəğmələri göndərməyə başladılar, bəzi hallarda əsgərlər cəbhə xəttini keçərək söhbətləşir, hədiyyə mübadiləsi aparırdı. Milad ərəfəsi və Milad günü bütün vuruşan tərəflər (fransızlar da daxil olmaqla) neytral zolağa çıxaraq bir-biri ilə görüşür, ərzaq, içki, siqaret mübadiləsi edirdilər. Hətta həlak olmuş əsgərlərin birgə dəfn mərasimləri belə keçirilir, birgə Milad nəğmələrinin oxunması ilə başa çatırdı. Bəzi hallarda neytral zolaqda birlikdə futbol da oynayırdılar. Bu mövzuda gözəl bir film də var, 2015-ci ildə lentə alınmış “Christmas Truce”, baxmağı tövsiyə edirəm. Bu həmin orta çağlar “cəngavər ruhunun” son işartıları idi, bundan sonra total müharibənin dəhşətləri başladı.

Sovet tarix kitablarında yazırdılar ki, almanlar 22 iyun 1941-ci ildə sovet sərhədlərini müharibə elan etmədən keçiblər. Bu da həmin hücumun alçaq və şərəfsiz bir hərəkət olduğunu vurğulamaq üçün idi. Əslində isə bu həqiqət deyildi, çünki sovetlərdə o zaman səfir olmuş qraf Şulenburq bu elanı gecə saat 5-də Molotova çatdırmışdı. Bu müharibə müstəsna xarakteri ilə həm də keçmişin bütün hərbi nəcabət ənənələrinin dəfn törəni idi.

İndi isə müharibə elanını vermək belə kimsənin ağlına da gəlməz. Kimsə də bunu gözləmir. Yəqin ki, indiki halda bu hətta gülünc olar.

P.S. Keçmişi əsla ideallaşdırmıram, belə bir xüsusiyyətim yoxdur. Keçmişdə olanlar barədə də heç bir illüziyam yoxdur. Sadəcə davranış qaydaları çağdaş sosial vəziyyətə görə dəyişir, bunu anlamaq gərəkdir.

 





17.06.2025    çap et  çap et