Ardı daha maraqlıdır, adam deyir ki, “EU (yəni AB) Kipr türklərinin separatçı qurumunu (yəni KKTC) qanuniləşdirmək cəhdlərini rədd edir və yalnız Kipr Respublikasını tanıyır”.
Azərbaycan onilliklər ərzində separatizmdən (əslində irridentizmdən) əziyyət çəkmiş ölkə kimi daima dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiq olduğunu bəyan edib. Bəs KKTC necə, həqiqətən Borrell deyən kimi “separatçı qurum”durmu?
Çox maraqlıdır, Borrell kimi rəsmi bir şəxs necə unuda bilərdi ki, hələ 20 il bundan öncə, 24 aprel 2004-cü ildə Kipr Respublikası və KKTC ərazisində “Annan Planı” (Kipr münaqişəsinin həlli üçün BMT-nin təklifi) üzrə referendum keçirilib? O zaman hər iki icmaya 1974-cü ildən bəri bölünmüş adanın yenidən birləşdirilməsi təklifi sorğulandı. Adanın bir dövlət tərkibində birləşdirilməsi təklifi KKTC tərəfdə 65 faiz bəyənildiyi halda, Kipr respublikası əhalisi 76 faiz çoxluqla bunu rədd etdi.
Bu referendumun nəticələrindən sonra KKTC həm de-yure, həm də de-fakto olaraq dövlət kimi legitimləşməli idi, çünki bu qurumun əhalisi adanın bölünməsinə qarşı olduqlarını bəyan etmişdi, onlar daha heç bir halda “separatçı” hesab edilə bilməz.
Doğrudan da KKTC əhalisi bundan sonra nə edə bilərdi ki? Adamlar adanın bölünməsinin əleyhinədir, BMT-nin təklifi ilə hər iki hissənin bir dövlət tərkibində birləşdirilməsinə səs verib, qarşı tərəf razı deyilsə, o zaman nə etməli? Özlərini dənizə atmalıdırlar, yoxsa necə? Hamıya aydın olmalı idi ki, 24 aprel 2004-cü ildən sonra orada yeni reallıq yaranıb və KKTC istənilən prizmadan, heç bir halda “separatçı qurum” hesab edilməməlidir.
Ən sadə həqiqətləri nədən yazmalı oluruq? Ritorik sualdır artıq.