Vaxt.Az

Argentinanın çempionluğu ...


 

... Yaxud futbol siyasət deyil, sadəcə bir oyundur

Argentinanın çempionluğu ... Gürcüstan millisi “Euro2024” final mərhələsinə çıxıbmış, futbolla maraqlanmayan birisi kimi sonuncu xəbər tutdum, demək qonşularımız tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib, dost ölkəyə təbriklər!

Gürcü futbolu Qafqazda sovet zamanından öndə olmuşdu, xatirimdədir, 1980-in əvvəllərində Tiflisin “Dinamo” komandası Avropa kubokunu almışdı, necə bir ajiotaj vardı o zaman, sovet millisində də ən azı bir neçə gürcü futbolçusu iştirak edərdi, “bizimkilər də olaydı” kimi uşaq həsədi keçirər, bununla yanaşı gürcülərə də özümüzünkülər kimi baxardıq, Kipiani və Çivadze isimləri o dövrlərdən xatirimdə qalıb.

Amma və lakin, bəzi müzakirələrdə futbolun səviyyəsinin hər hansı bir cəmiyyətin ictimai quruluşu, eyni zamanda ölkənin hər hansı başqa uğurları ilə əlaqələndirilməsi cəhdləri gördüm, doğrusu maraqlı gəldi, bəzi tezislərə görə “demokratik” sayılan cəmiyyətlərdə futbolun səviyyəsi hökmən daha yüksək olur.

Xatirimə futbolla maraqlandığım gənclik illəri düşdü, İspaniya-1982 çempionatını öncəki çempion Argentina millisi açmışdı. Argentina 1978-də çempion olan zaman orada yeni vəfat etmiş prezident Peronu əvəz etmiş hərbi xunta hakimiyyətdə idi. Bu ölkənin tarixinə baxsaq zatən XX əsr boyu heç bir zaman “demokratik” kimi dəyərləndirilə bilməz, nasistlərə rəğbətdən tutmuş avtoritar idarəetməyə qədər, hərbi xuntanın hakimiyyəti ələ aldığı həmin dövr (1976-1983) isə xüsusi bir qəddarlıqla fərqlənirdi, lakin Argentina millisi məhz həmin çempionatda müstəsna bir oyun göstərərək ilk dəfə dünya çempionu oldu və məhz bundan sonra Argentina yığması dünyada seçilən millilərdən birinə çevrildi.

Ümumiyyətlə latın Amerikası millilərinin bəlkə hər biri barədə bunu demək olar, sadəcə Argentina parlaq misal kimi xatirə gəlir. Yadımdadır ki, həmin o İspaniya-1982 çempionatında Afrika milliləri də çox güclü oyun göstərmişdi, xatirimə 2:1 hesabı ilə bitmiş Əlcəzair-Almaniya oyunu düşür. Digər Afrika komandaları da çox yaxşı nəticələr göstərmişdi, əcəba, bunun həmin ölkələrdəki siyasi-ictimai quruluşlarla nə kimi əlaqəsi vardı? Fransada keçirilən 1998 çempionatındakı məşhur ABŞ-İran matçı da yəqin hamının xatirində qalıb 1:2 hesabı ilə, belə misallar çoxdan-çoxdur.

Aydındır ki, futbol çoxdan sadəcə idmandan daha çox siyasi-ictimai faktora çevrilib, lakin gərək dəyərləndirməmizdə adekvat olmağa çalışaq. “Demokratik ölkələrdə futbol da güclüdür” kimi dəyərləndirmələrdən “Futbolu zəif oynasaq da əvəzində biz filan şeyi daha yaxşı edirik” kimi mənasız müqaisələrdən uzaq olsaq yaxşıdır. İdmandan zəhləm getsə də, ona sırf idman, oyun kimi baxmağın tərəfdarıyam.

 





27.03.2024    çap et  çap et