Onlar “etnik qrupun davranışına diqqət yetirilməsini və kənddən çıxarılmasını” tələb ediblər.
Qaraçının 15 yaşlı məktəblini avtomobillə vuraraq öldürməsi kütləvi ictimai etiraza səbəb olub.
Saratov vilayətinin Podlesnoye kəndində 36 yaşlı qaraçı “Vesta” markalı avtomobillə evinə gedən mopeddəki yeniyetməni vurub. Hadisədən sonra kənd sakinləri təcili toplantıya yığılıblar; əsas mövzu “tabor” üzvlərinin davranışı və onların Podlesnoyedən çıxarılması tələbi olub.
Təxminən iki yüz kəndlinin iştirak etdiyi görüşə rayon rəhbəri Dmitri Romanov, rayon prokuroru Nikolay Alkov və Daxili İşlər Nazirliyinin yerli bölməsinin rəhbəri Dmitri Danşin gəlməli olublar.
Toplantı iştirakçıları hakimiyyət nümayəndələrinə xatırladıblar ki, oxşar insidentlərdən sonra qaraçıların yaşayış məntəqələrindən çıxarıldığı hallara əvvəllər Samara və Çelyabinsk vilayətlərində rast gəlinib.
Onların “qeyri-müəyyən mənbələrdən qazanc əldə etdiyi” (xüsusilə narkotik satdıqları barədə fikir səsləndirilib), “50 nəfərlə bir mənzildə qeydiyyata düşüb yaşadığı”, sürücülük vəsiqəsi olmadan maşın sürdüyü (DYP əməkdaşlarının isə onlara qarşı heç bir tədbir görmədiyi və əksinə, dostcasına rəftar etdiyi), əsasız şəkildə müxtəlif sosial müavinətlər aldığı vurğulanıb.
Rayon prokuroru Alkov kəndliləri sakitləşdirməyə və qanunu pozmamağa, zorakılığa əl atmamağa çağırıb. Məlumata görə, yol-nəqliyyat hadisəsinin səbəbkarı saxlanılıb.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin prosessual yoxlama aparılması barədə göstəriş verib, — bu barədə qurumun “Telegram” kanalında məlumat yayılıb.