Fransızlardan bu təcrübəni əxz edən işğalçı, müstəmləkəçi ruslar da iki əsrdir ki, Tolstoyun, Dostoyevskinin, Turgenevin, Saltıkov-Şedrinin, Lermontovun, Yeseninin, Çaykovski və Qlinkanın hesabına ciddi-cəhdlə “mədəni millət”, “sivilizasiya daşıyıcısı” obrazını yaratmağa çalışırlar.
Alınırmı?
Bəli, müəyyən məqamlarda onlara bu obrazı yaratmaq, qonşu xalqların gözünə kül üfürmək və dünyanı aldatmaq nəsib olur. Hətta ayrı-ayrı ölkələrdə Tolstoyu oxumaq trendə çevrilir, Dostoyevski fanatları da “zühur” edir. Tolstoy və Dostoyevski rus vəhşiliyinin gizlədilməsi vasitəsinə çevrilib.
Lakin kritik, həssas məqamlarda isə Kreml 1-ci Pyotr tərəfindən Rusiyanın “əyninə” zorla geyindirilmiş “Avropa dövləti” qiyafəsini bir göz qırpımında çıxarıb atır və yenidən İvan Qroznı dövründəki halına qayıdır, özünü vəhşi və yırtıcı Moskva Knyazlığı (və ya Moskoviya çarlığı) kimi aparmağa başlayır.
2025-ci il iyunun 27-də və sonrakı günlərdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB), habelə “OMON” əməkdaşlarının Yekaterinburq və Voronejdə azərbaycanlılara qarşı şiddət və amansızlıqla həyata keçirdikləri basqınlar, soydaşlarımızın ağır işgəncələrə məruz qoyularaq qətlə yetirilməsi, azərbaycanlı diaspor rəhbərinin və iş adamlarının xüsusi zorakılıqla saxlanması da özünü İvan Qroznı kimi aparan Vladimir Putinin iradəsi ilə nümayiş etdirilən gerçək rus vəhşiliyidir.
Əslində, Putinə böyük, çox böyük bir təşəkkür düşür. Çünki məhz o, bu son hadisələrə “xeyir-dua” verməklə bir daha sübut etdi ki, rus xalqının “şinel”indən nə qədər tolstoylar, dostoyevskilər, şostakoviçlər çıxsa da çıxsın, lakin Kremldən idarə olunan rus dövləti isə heç vaxt müasirləşməyəcək, sivillizasiya daşıyıcısına çevrilməyəcək.
Maraqlıdır ki, hazırkı rus dövlətinin – Rusiya Federasiyasının mədəniyyətə cavabdehlik daşıyan ən yüksək rütbəli məmurları – Vladimir Medinski və Mixail Şvıdkoy da əyinlərinə son dəb avropasayağı kostyumlar geyinsələr də və ixtisasca humanitar təhsilli olsalar da, lakin təfəkkürcə Tolstoya, Yeseninə, Aleksandr Bloka, İosif Brodskiyə yox, elə öz “şef”ləri Vladimir Putinə bənzəyirlər. Bu adamlar mədəniyyət elçisi yox, şovinizm və neoimperializm daşıyıcısıdırlar.
Medinskinin bu yaxınlarda mediaya müsahibəsində Qarabağımızı “mübahisəli ərazi” kimi təqdim etməsini yəqin ki, hamınız xatırlayırsınız. Lakin Mariya Zaxarova və Dmitri Peskov onun kobud səhvini (əslində isə məqsədyönlü açıqlamasını) tələm-tələsik malaladılar. Bu xətti tez bağladılar.
Medinskinin ardınca – Yekaterinburq hadisələrindən sonra isə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy özünün Kremlsayağı şovinist simasını göstərdi.
Belə ki, Azərbaycanın Mədəniyyət Nazirliyi bugünlərdə bəyan etdi ki, “Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir”.
Bu, rəsmi Bakının Yekaterinburqda baş verən barbarlığa qarşı ilk cavab tədbirlərindən biri oldu.
Bəs, söhbət hansı tədbirlərin ləğv edilməsindən gedir?
Həmin tədbirlər aşağıdakılardır:
– Yumor Fest (18.07.2025 - Sea Breeze Resort);
– Bastanın konserti (30.08.2025 - Sea Breeze Resort);
– “Şelkunçuk” baleti (11.10.2025 - Heydər Əliyev Sarayı);
– “Qu gölü” baleti (11.10.2025 - Heydər Əliyev Sarayı);
– Sergey Bezrukovun konserti (17.10.2025 - Heydər Əliyev Sarayı);
– “Romeo və Cülyetta” baleti (12.10.2025 - Heydər Əliyev Sarayı);
– “Düyməçik” baleti (12.10.2025 - Heydər Əliyev Sarayı);
– Yevgeni Sinyakovun stendapı (01.11.2025 - Opera Studiyası);
– Leonid Aqutin və Anjelika Varumun konserti (23.11.2025 - Heydər Əliyev Sarayı);
– “Master və Marqarita” Flamenko tamaşası (20.12.2025 - Opera Studiyası);
– “Şelkunçuk” Flamenko baleti (20-21.12.2025 - Opera Studiyası).
Rəsmi Bakının bu tədbirləri ləğv etməsi doğru və adekvat qərar idi. Sən özünü sivil dövlət və normal müttəfiq kimi aparmırsansa, mən sənin mədəniyyət kollektivlərinə nəyə görə səhnə verməliyəm ki?
Bakının bu addımı Moskvaya açıq etiraz mesajı idi.
Lakin Putin Rusiyası bu mesajı alıb düzgün dəyərləndirmək əvəzinə, Mixail Şvıdkoyun əlinə Kremlin “mətbəx”ində hazırlanmış yazılı tezislər verdi ki, çıx, bu açıqlamanı səsləndir, Rusiyanı Azərbaycan ictimaiyyətinə “mədəniyyət daşıyıcısı” və ya “mədəniyyət zənginləşdiricisi” kimi təqdim et.
Şvıdkoy da dərhal medianın qarşısına çıxıb “mədəni ağzı”nı açdı (bizdə el arasında buna “gül ağzını açdı” deyirlər).
O, “İnterfaks” agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarını şərh edərkən, bu tədbirlərin ləğv edilməsinin “Azərbaycanın mədəniyyət mühiti və mənzərəsini yoxsullaşdıracağı” iddiası ilə çıxış etdi.
Şvıdkoyun (yəni ki, böyük bir dövlətin mədəniyyət elçisinin) bu iddiası həddindən artıq köntöy olmaqla yanaşı, həm də tamamilə absurddur.
Birincisi ona görə ki, ləğv edilən tədbirlərin heç biri xüsusi üstünlüyü, fövqəladə əhəmiyyəti olan böyük mədəniyyət tədbiri deyil (buna əmin olmaq istəyirsinizsə, zəhmət olmasa, yuxarıda təqdim etdiyim siyahıya bir də nəzər salın).
İkincisi isə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin M.Şvıdkoyun açıqlaması ilə bağlı bəyanatında qeyd edildiyi kimi, “Azərbaycanda dəfələrlə səfərdə olarkən ölkəmizin yüksək səviyyəli mədəniyyətinə heyran olduğunu bildirən cənab Şvıdkoyun sözügedən qərəzli fikirləri təəccüb doğurur. Şvıdkoyun təbirincə desək, Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ləğvinin ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük. Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir”.
Yeri gəlmişkən, Bastanın, Leonid Aqutin və Anjelika Varumun “mədəniyyət zənginləşdiricisi” olduğunu düşünən Mixail Şvıdkoyun təmsil etdiyi Rusiya mədəniyyətinin özü bu gün ən kəskin deqradasiya, tənəzzül dövrünü yaşayır. Putinin “dəlixana”ya çevirdiyi Rusiyanı tərk edən rus ziyalılarının sosial şəbəkələr (xüsusən də “Youtube”) üzərindən açıqlamalarını, paylaşımlarını izləmək kifayətdir ki, Rusiyanın mədəni mühitinin hazırkı çöküşü ilə real tanış olasınız.
Bu mənada, Azərbaycanın sözügedən mədəni tədbirləri ləğv etməsi heç də yanlış qərar deyil. Rusiya dövləti bizim soydaşlarımızla barbar kimi davranırsa, bu gün iki ölkə arasında mədəniyyət birləşdirici körpü rolunu oynaya bilməz.
FSB və rus polisləri özlərini azərbaycanlılara qarşı quldur kimi aparırsa, bu halda Azərbaycanla Rusiya arasında hansı mədəni dialoqdan, hansı birgə tədbirlərdən söhbət gedə bilər?
Ona görə də Şvıdkoy özünü axmaq yerinə qoymaq istəyirsə qoysun. Biz isə sözügedən mədəni tədbirlərin ləğvi ilə yumşaq şəkildə mesaj verdik ki, “siz hazırda özünüzü mədəni ölkə kimi aparmırsınız. Gedin, nə vaxt mədəni ölkə çərçivələrinə uyğun davranarsınızsa, onda danışarıq”.
Bu, Azərbaycanın Rusiyaya geomədəni mesajı idi.
Biz bu addımımızla əslində Rusiyanı rüsvay etdik, onun “mədəni ölkə” maskasını bütün mədəni dünyanın gözü önündə yırtdıq.
Bu, Rusiya üçün həqiqətən də çox ağır zərbə oldu. Odur ki, Şvıdkoyun cırnamasının, hirslənməsinin və o cür hikkəli açıqlama ilə çıxış etməsinin motivini haradasa başa düşmək olar.
Lakin biz Şvıdkoya bir stəkan soyuq su içməyi tövsiyə edirik. Axı gerçək mədəniyyət adamı özünü plebey kimi və Kremldəki “KQB” polkovnikinin düşük siyasi nökəri kimi aparmamalıdır.
P.S. Ümumiyyətlə, Rusiya millətçilik və şovinizm zəhəri ilə yoluxdurduğu mədəniyyəti imperiya silahına, mədəni müstəmləkəçilik alətinə çevirməməlidir.