Əvvəlki açıqlamalarında ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset ABŞ mətbuatına sızan Pentaqonun hesabatına reaksiya verərək, İranın nüvə proqramının məhv edildiyini iddia etmişdilər.
Pentaqonun sözçüsü Şon Parnell dünən jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, rəsmi hesablamalar “yəqin ki, 2 ilə yaxındır”. Parnell öz qiymətləndirməsini dəstəkləmək üçün heç bir sübut təqdim etməyib.
Parnell, “Biz onların cədvəlini 1-2 il geri çəkdik; ən azı bu, (Müdafiə) Departamentində kəşfiyyatın qiymətləndirilməsidir”, – deyib.
Digər tərəfdən, Pentaqonun sözçüsü deyib ki, indiyə qədər gördükləri bütün kəşfiyyat məlumatları onları hədəfə alınan İran obyektlərinin “tamamilə məhv edildiyi”nə inandırıb.
12 günlük İsrail-İran müharibəsində atəşkəsdən sonra İranın əməkdaşlığı dayandırdığı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi həftə sonu deyib ki, İran “bir neçə ay ərzində zənginləşdirilmiş uran istehsal edə bilər”. Bu, ABŞ-ın İranın nüvə obyektlərinə hücumunun onun iddia etdiyi qədər təsirli olmadığına dair şübhələri gücləndirdi.
Bəzi ekspertlərin fikrincə, İran ABŞ-ın bunker partlayıcı bombalarla hücum etdiyi və əsasən yerin altında olan Fordo nüvə obyektindən zənginləşdirilmiş uranı hücumlardan əvvəl çıxarmış ola bilər.
Nazir Heqset isə bu iddialarla bağlı açıqlama verib və İranın ABŞ-ın hücumlarından qorunmaq üçün uranı başqa yerə daşıdığını göstərən kəşfiyyat məlumatlarından xəbərsiz olduğunu bildirib.
Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Araqçı iki gün qabaq ABŞ mətbuatına verdiyi açıqlamada İranın hücumlarının Fordoya ciddi ziyan vurduğunu bildirib.