– Son 300 ilə yaxındır ki, Rusiya torpaq işğal edir, sonra həmin torpağın sərhədlərinin “təhlükəsizliyini qorumaq” üçün onun qonşuluğundakı torpaqları işğal edir və bu işğal siyasəti nəticəsində ərazisini 17 milyon kvadrat kilometrə qədər genişləndirib. Bu gün isə bu siyasətinin tələsinə düşüb;
– Dünyada getdikcə ultra millətçi qüvvələr hakimiyyətə gəlməkdədir. Sonuncu belə cəhdi Almaniyada etməyə çalışdılar. Son seçkilərdə Almaniyada ultra millətçi və hətta açıq-aşkar faşizm ideologiyasını dəstəkləyən partiyanın seçkilərdə qələbəsini təmin etmək İlon Maska tapşırılmışdı. Hətta həmin partiyanın mitinqinə canlı qoşulub onlara dəstəyini ifadə edən Maska qarşı başqa ölkənin seçkilərinə açıq müdaxilə səbəbindən hiddət yaranmışdı. Açıq şəkildə cəhd etsə də, bu layihəsində iflasa uğrayan İlon Mask sonradan hökumətdən də uzaqlaşdırıldı. Mask strateji müttəfiq olan bir ölkənin seçkilərinə müdaxilə etmək və iflasa uğramaqla ABŞ-nin də bu istiqamətdə siyasətini iflasa uğratmış oldu. Bundan sonra ABŞ digər ölkələrdə bu məsələlərdə daha ehtiyatlı və gizli siyasət yürütməyə davam etdi. Bu gün bu tendensiyaya onsuz da şovinist düşüncələrin hakim olduğu Rusiya hakimiyyəti də qoşulub. Hətta belə bir nəzəriyyə də var ki, Rusiya daxilində Rusiya Prezidentini daha şovinist və sərt olmağa təhrik edən qüvvələr var. Bu qüvvələr son 10 ildə (2016-cı il Trampın hakimiyyətə gəldiyi ildir) çox fəallaşıblar və bu meyl Rusiya Prezidentinin ritorikasında da bu hiss olunur;
– Sovet İttifaqı dağıldıqdan sonra Rusiya öz iqtisadiyyatını müasir inkişaf etmiş və etməkdə olan ölkələrlə müqayisədə kifayət qədər inkişaf etdirə bilmədi və inkişaf tempinə görə onunla müqayisə edilə biləcək inkişaf etməkdə olan ölkələrdən də geridə qaldı. Aşağıdakı cədvəldə Çin, Hindistan, Braziliya, Azərbaycan (rəqəmlərin müqayisəsində daha aydın təsəvvür yaranması üçün) və Rusiyanın 2000 və 2023-cü illərdə əhali, Ümumi Daxili Məhsul (ÜDM) göstəriciləri müqayisə olunub. Məlumat üçün həmin dövlətlərin əraziləri və təsdiq olunmuş faydalı qazıntılarının dollarla ifadədə göstəriciləri də əks olunub. Rusiya inkişaf etmiş ABŞ, Yaponiya, Almaniya ilə müqayisə edilməz. Statistik təhlillərdə müqayisə prinsiplərini nəyinsə xatirinə pozmaq olmaz. Yəni, alma ilə armud müqayisə olunmaz. Bu səbəbdən inkişaf etməkdə olan, əraziləri baxımdan yaxın olan və bir-birləri ilə dünyada söz sahibi olmaq uğrunda əslində rəqabət aparan ölkələr seçilib. Qeyd etdiyim kimi, Azərbaycan burada sadəcə olaraq təsəvvür formalaşdırmaq və əslində əhali və ÜDM artımında Rusiyanın qısqanclığına (qısqanclıq məsələsinə növbəti bənddə toxunacağam) səbəb olma səbəblərini göstərmək baxımından seçilib.
Ölkə |
Əhali (milyon nəfər) 2000 |
Əhali (milyon nəfər) 2023 |
GDP (trilyon dollar) 2000 |
GDP (trilyon dollar) 2023 |
Ərazi |
Mövcud faydalı qazıntılar (trilyon dollar) |
Çin |
1,263 |
1,411 |
1.2 |
17.8 |
9.6 |
23 |
Hindistan |
1,058 |
1,438 |
0.4698 |
3.6 |
3.3 |
19 |
Braziliya |
174 |
211 |
0.6554 |
2.2 |
8.5 |
22 |
Azərbaycan |
8.05 |
10.2 |
0.0053 |
0.0724 |
0.0866 |
--- |
Rusiya |
146.6 |
143.8 |
0.260 |
2 |
17 |
75 |
– Rusiya iqtisadi cəhətdən inkişaf edən və ya etmək istəyən MDB ölkələrinə qısqanclıqla yanaşıb. Vaxtilə (Rusiya SSRİ-nin varisidir) mənə tabe olan dövlətin vətəndaşı mənim dövlətimin vətəndaşından yaxşı yaşaya bilməz kimi şovinist təfəkkür Rusiyada həmişə mövcud olub (4 il öncə, 12.07.2021-ci il tarixdə “Rusiya keçmiş sovet dövlətlərinə iqtisadi cəhətdən inkişaf etməyə imkan vermir” adlı məqaləmdə bu qısqanclıq məsələsinə toxunduğum üçün təkrara yol vermirəm).
– Ciddi şəkildə iqtisadi geriləmə (bütün göstərici və amillərin kökündə iqtisadiyyat dayanır) Rusiyanı dünyada öz siyasi mövqelərini də itirməklə nəticələndi. Bu gün Rusiyanı danışdıran yeganə amil nüvə silahıdır. Ordunun təchizatı, silahlanma, yeni texnologiyaların tətbiqi məsələsində də hətta Çin, Hindistan və Braziliyadan geri qalır. Ukrayna ilə vuruşan Rusiya özünə kömək üçün İrandan dronlar, Şimali Koreyadan əsgər və zabit gətirməyə qədər zəifləyib. 2000-ci illərdə belə bir fakt ola bilər deyən adamı ruhi dispanserə göndərərdilər;
– Yuxarıdakı cədvəl Rusiyanın faydalı qazıntılarının dəyərinin 75 trilyon, ən yaxın rəqibi Çinin isə cəmi 23 trilyon dollar olduğunu göstərir. Dəfələrlə vurğuladığım fikri bir daha təkrar etmək istəyirəm ki, Rusiya dünyada yeganə ölkədir ki, Mendeleyevin kimyəvi elementlərin cədvəlindəki bütün kimyəvi elementlər onun ərazisində mövcuddur. İkinci belə bir ölkə yoxdur. Ərazisinə görə Rusiyaya yaxın olan ikinci bir ölkə yoxdur. İkinci yerdə olan Kanadanın ərazisi 10 milyon kvadrat kilometrdir. 17 milyon km2 ilə müqayisə oluna bilmir. Bu böyüklükdə ölkənin əhalisi son 25 ildə 2.8 milyon nəfər azalıb. Əslində normal şərtlərdə ən azı 30-40% artmalı idi. Cədvəldə digər müqayisə olunan ölkələrin kifayət qədər əhali artımı görünür. Cədvəldə olmayan inkişaf etmiş ABŞ-yə nəzər salaq. 2000-ci ildə əhalisi 282.2 milyon nəfər olan ABŞ-ın əhalisi bu gün 340.1 milyon nəfərdir. Ərazisi cəmi 378 min kvadrat kilometr (Rusiyadan 45 dəfə kiçik) olan Yaponiyanın əhalisi 124.5 milyon nəfərdir (cəmi 19.3 milyon nəfər az).
– Yuxarıdakı bütün müqayisə və göstəriciləri niyə əks etdirirəm? Sadəcə ona görə ki, ərazisi, faydalı qazıntıları, imkanları, dəniz və okeanlara çıxışı, ərzaq istehsalı və ixracında da böyük imkanlara sahib olan Rusiya inkişaf tempinə görə nəinki Çin, Hindistan, Braziliya kimi müqayisə oluna biləcək ölkələrdən, hətta MDB ölkələrindən geri qalmışdır. Bu səbəbdən yaranan kin, küdurət, aqressiya və hiddəti kiçik MDB ölkələrinə yönəldir;
– Bu qədər imkanlara baxmayaraq azalan əhali isə Rusiya üçün başqa bir fundamental problemdir. Bunun əsas səbəblərindən biri də yanlış immiqrasiya siyasəti, zəif iqtisadi inkişaf nəticəsində ölkədən gedənlərin ilbəil çoxalması, şovinist siyasət, hüquq sisteminin işləməməsidir. Miqrasiya siyasəti çox incədir və ölkədən ölkəyə dəyişir. Məsələn, Çin və Hindistan ölkədən gedib başqa ölkələrdə iş quran, muzdla işləyən vətəndaşlarını təşviq edir. ABŞ isə əksinə. Əhali artımı doğum və təbii artımdan daha çox immiqrasiya siyasəti hesabına baş verib. Bu gün dünyada ən aktiv immiqrasiya siyasəti aparmalı olan ölkə əslində Rusiya olmalı idi. Dil, uyğunlaşma, keçmişdə bir imperiyanın tərkibində olma kimi ortaq amillərdən istifadə edərək MDB ölkələrinin əhalisinə qucaq açmalı idi. Çünki, Rusiya üçün bir azərbaycanlı, gürcü, ukraynalı, qazax, özbək bir çinli, afrikalı, ərəb, fars və digərlərindən daha çox uyğunlaşırdı və daha münasib idi. Lakin, strateji səhvlərini davam etdirərək bu gün də yanlış siyasət yürüdürlər. Bu şəkildə davam etmək isə sadəcə olaraq iqtisadi çöküşlə nəticələnəcək. Elə bu qədər nüvə silahı, nüfuzu və imkanları müasir Rusiyadan da artıq olan SSRİ-nin çöküşü kimi…
– Əslində Rusiyanın aqressiv siyasətinin səbəblər çoxdur. Aqressiv siyasəti nəticəsində iqtisadi iflas, yeni düzəndə yerini tapa bilməməsi, Orta Dəhliz daxil bir çox layihə və marşrutlardan kənarda qalması, getdikcə daralan izolyasiyası, dünyada, MDB ölkələrində, o cümlədən Orta Asiyada, Cənubi Qafqazda itməkdə olan nüfuzu və sair və sair… Bu yazıda isə daha çox məsələnin iqtisadi tərəflərinə toxunmağa çalışdım.
Nəhayət sonda. Bizə bu qədər aqresiya göstərən ölkəyə hiddətdən daha çox bu nifrətin səbəblərinin üzə çıxarılıb siyasətlərinin, kimliklərinin, niyyət və xislətlərinin ifşa olunması daha çox effekt verəcək. Əvvəl-axır bütün MDB dövlətləri bu yanaşmanı da sərgiləyəcək. Biz isə iqtisadi cəhətdən daha da güclənməli, qlobal layihələrimizin və hədəflərimizin həyata keçməsinə nail olmalıyıq.