Dövlət Səhiyyə Departamenti mövzu ilə bağlı verdiyi açıqlamada, “Avstraliya yarasa “lissa” virusuna yoluxma halları olduqca nadir olsa da, bunun üçün təsirli bir müalicə yoxdur”, – deyib. Şəxsiyyəti açıqlanmayan adam bu həftə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Səlahiyyətlilər yarasa dişləməsindən sonra adamın müalicə aldığını və onun xəstəliyində başqa təsirlərin və ya amillərin rol oynadığını anlamaq üçün çalışdıqlarını bildirib.
Quduzluğa səbəb olan virusun yaxın qohumu olan “lissa” yarasa tüpürcəyi, dişləmə və ya dəri cızıqları vasitəsilə insan orqanizminə daxil olduqda keçir. İlk simptomların özünü göstərməsi bəzən günlər, bəzən də illər çəkir.
Xəstəliyin ilk əlamətləri qripə bənzəyir. Bu virusa yoluxmuş insanlarda baş ağrısı, yüksək hərarət və yorğunluq kimi simptomlar müşahidə olunur. Sonra xəstənin vəziyyəti sürətlə pisləşir, iflic, delirium, qıcolmalar və ölümlə nəticələnir.
Avstraliyada bu günə qədər Avstraliya yarasa “lissa” virusuna yoluxmuş yalnız üç nəfər qeydə alınıb. Xəstəlik ilk dəfə 1996-cı ildə aşkarlanıb və o vaxtdan bəri yoluxmuş üç nəfər həyatını itirib.
Dövlət səhiyyə xidməti mövzu ilə bağlı açıqlamasında ölkədəki bütün yarasaların bu virusu daşıya biləcəyini və bu səbəbdən bu heyvanlara toxunmaqdan çəkinmək lazım olduğunu bildirib. “Əgər siz və ya tanıdığınız biri yarasa tərəfindən dişlənibsə və ya cızılıbsa, yaranı 15 dəqiqə sabun və su ilə yaxşıca yuyun və viruslar üçün hazırlanmış antiseptik tətbiq edin”, – deyə məlumatda bildirilir.