İndi bir anlıq tarixin arxasına boylanaq. Çünki bu gərginliyin haradan qaynaqlandığını anlamaq üçün bizi 1918-ci ilə aparan izlər var.
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika elan olundu. Dövlətə ad seçimi üçün “Türküstan”, “Qafqaz Türk Cümhuriyyəti”, “Oğuzustan” kimi təkliflər olsa da, Rəsulzadənin təkidi ilə “Azərbaycan” adı qəbul edildi.
Bu ad bizim üçün qürur idi. Amma Tehran üçün zəlzələ oldu.
İranın İstanbuldakı səfirliyi dərhal etiraz məktubu göndərdi: “Azərbaycan adı İranın əzəli torpağına, Təbriz və ətrafına aiddir. Cənubi Qafqazda yeni yaradılmış dövlətin bu adı götürməsi yolverilməzdir”.
Məqsəd aydın idi, bu ad ləğv edilməliydi. Çünki İran üçün "Azərbaycan" adlı bir dövlətin varlığı gələcəkdə Güneyə təsir edə bilərdi.
O vaxt İran başında türk mənşəli Qacar sülaləsi var idi. Əhməd şah Qacar Bakıya gəlmiş, Azərbaycan Cümhuriyyətinə simpatiyasını gizlətməmişdi. Amma onun səsi artıq qərar verən deyildi.
Çünki 1906 Məshrutə İnqilabından sonra real hakimiyyət fars bürokratlarının əlinə keçmişdi. Əhməd şah sadəcə simvol idi. Dövləti isə Vüsuqüddövlə kimi fars mənşəli nazirlər idarə edirdi.
1919-cu ildə fars nazirlərin İranla Britaniya arasında imzaladığı müqavilə ölkəni faktiki olaraq İngiltərənin nəzarətinə verdi. Təbrizdə bu müqaviləyə etirazlar başladı. Başda duran azərbaycanlı maarifçi və ruhani Seyid Məhəmməd Xiyabani idi.
1920-ci ildə Xiyabani Təbrizdə üsyan etdi, muxtariyyət elan etdi. Amma dövlətə “Azərbaycan” yox, “Azadistan” adını verdi. Hansı ki, Quzey Azərbaycan adı sonradan seçsə də, Güneydə Azərbaycan min illik tarixi addır. Niyə?
Çünki özü deyirdi: “Əgər bu bölgəyə Azərbaycan adı versəm, Tehran dərhal bizi bölücü, Quzey-Güney birliyinin tərəfdarı elan edəcək.”
Yəni o, Tehranı qıcıqlandırmamaq üçün belə addım atdı. Amma yenə də İran onu bağışlamadı. Hərəkat qan içində yatırıldı, Xiyabani qətlə yetirildi.
Səhnəyə növbəti dəfə Seyid Cəfər Pişəvəri çıxır. 1945-ci ildə, Sovet dəstəyilə Təbrizdə Azərbaycan Milli Hökumətini elan edir. Rəsmi dil türk dili olur, məktəblər açılır, islahatlar keçirilir.
Artıq İranda irqçi Pəhləvi varis hökuməti var idi, buna da "xəyanət" damğası vuruldu. Sovetlər İrandan çəkiləndən sonra bu hökumət qanla dağıdıldı. Liderləri ya öldürüldü, ya da sürgün edildi.
Sovetlər 1991-ci ildə dağıldı, Azərbaycan müstəqil oldu. İran üçün bu, yeni şok idi.
Çünki artıq sərhədin o tayında türkcə danışan, müstəqil bir dövlət var idi. Dərhal daxildəki milyonlarla azərbaycanlının ayılacağından qorxmağa başladılar.
Birinci Qarabağ müharibəsində İran Ermənistana yollar, sərhədlər açdı və enerji, ərzaq, tikinti yardımı ilə nəfəs verib açıq dəstək verdi. Amma ən böyük zərbə Azərbaycan xalqının içinə göndərilən ideoloji casus ordusu idi.
İran Azərbaycan cəmiyyətinə fanatizm, dini radikalizm, kriminal ideologiya yaymağa başladı. Eyni anda narkotiklərlə yeni bir müharibəyə girişdi. Rəsmi rəqəmlərə görə, Azərbaycana daxil olan narkotiklərin 98 faizi İran mənşəlidir.
Separatizm fikirləri, etnik qızışdırmalar, sərhədyanı bölgələrdə casus yuvaları hamısı bu planın tərkib hissəsi idi. Hədəf Azərbaycanı içəridən parçalamaq idi.
2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan qalib gəldi. Türkiyə ilə birgə güc nümayiş etdirildi, Şuşa Bəyannaməsi imzalandı.
Qələbədən sonra Prezident İlham Əliyev bölgədəki soyuqluğa son verməyə çalışdı. İranı “müsəlman qonşu” adlandıraraq dostluq mesajları verdi. Bu çıxışlar təkcə prezidentlə bitmədi ardınca Prezident Aparatı, Milli Məclis və digər rəsmi qurumlar da eyni tonla münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğuladılar.
İran nə etdi?
Tanklarını sərhədə çəkdi, “təlim” adı ilə güc nümayiş etdirdi. Azərbaycana qarşı hədələyici kliplər çəkildi, müğənnilərə düşmənlik dolu mahnılar bəstələndi. Açıq şəkildə hədə qaldırdı. Ermənistana hərbi-siyasi dəstəyi gücləndirdi.
Zəngəzur dəhlizi məsələsində isə maraqlı bir mənzərə ortaya çıxdı – Ermənistan kənarda qaldı, İranın rəsmiləri, nazirləri, diplomatları, generalları ortaya düşdü.
“Qırmızı xəttimizdir” deyə-deyə meydanı onlar tutdu.
Çünki artıq hər şey açıq şəkildə görünürdü: Bu düşmənçilik gizli deyildi.
Azərbaycan – 100 illik mübarizənin adı. Bu ad:
1918-də etiraz doğurdu,
1920-də susduruldu,
1946-da əzildi,
1991-də yenidən doğuldu.
Bu fars şovinizminin türklüyə qarşı qaldırdığı yüz illik ideoloji savaşdır.
Bu gün Azərbaycan xalqı gələcəyin yolunu açır. İranın təhdidləri, kinli bəyanatları, köhnə qorxuları bu yoldan döndərə bilməyəcək.