Xəbər verildiyi kimi ötən həftə baş vermiş həmin insidentdən sonra Ermənistan müdafiə naziri Seyran Ohanyan ATƏT sədrinin səhra köməkçisi Anjey Kasprşiki Müdafiə Nazirliyinə çağırıb və bu insidentin «Azərbaycan tərəfi üçün mümkün nəticələri» barədə xəbərdarlıq edib.
Azərbaycan Müdafiə Nazirliyi erməni nazirin bu xəbərdarlığına cavab olaraq bildirib ki, düşmənin təmas xəttində atəşkəsi pozmasının qarşısı bundan sonra da alınacaq.
Bu gün isə təmas xəttinin Cəbrayıl və Füzuli istiqamətlərində erməni işğalçı ordusunun öz mövqelərini möhkəmləndirdiyi barədə xəbər yayılıb. Hərbi qaynaqlardan bildirildiyinə görə, Füzuli rayonunun Qazaxlar, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində bir neçə gündür ermənilərin mövqelərini möhkəmləndirməsi müşahidə olunur.
Əsasən gecə saatlarında fəaliyyət göstərən erməni mühəndis-istehkam bölmələri tərəfindən ərazinin minalanması, eləcə də mövqelərin üzərində maneələrin qurulması, açıq ərazilərin bağlanması halları qeydə alınıb.
Bir tərəfdən bu hazırlıqlar erməni işğalçı qüvvələrinin təmas xəttinin həmin istiqamətində itkilərinin son vaxtlar artması ilə bağlı ola bilər. Digər tərəfdən isə düşmənin hansısa diversiya əməliyyatına hazırlıq gördüyü istisna deyil.
Ermənistanın cəbhədə hansısa diversiya əməliyyatına hazırlaşdığını vaxtilə Şuşanın işğalına başçılıq etmiş erməni general Arkadi Ter-Tadevosyan da təsdiq edib.
Virtualaz.org saytının xəbərinə görə, istefada olan general «Azadlıq» radiosunun erməni xidmətinə açıqlamasında bildirib ki, «erməni qüvvələri Azərbaycan tərəfinə hiss olunacaq zərbələr hazırlayır» və indi bu istiqamətdə hazırlıqlar aparılmaqdadır.
«Məndə bu barədə məlumatlar var» - deyə Ter-Tadevosyan bildirib.
Ter-Tadevosyan Naxçıvanla sərhəddə baş vermiş insidentlə bağlı deyib ki, əgər ermənilər tezliklə cavab verməsə, Azərbaycanda hesab edəcəklər ki, Ermənistan zəifləyib.
«Ona görə də zərbə, hiss olunacaq zərbə endirmək lazımdır» - deyə işğalçı ordunun generalı bildirib.
General Ter-Tadevosyan istefada olsa da Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi ilə sıx təmasları qalır və bu baxımdan onun düşmən ordusunun cəbhədə hansısa diversiya əməliyyatına hazırlaşdığı barədə anonsunu Azərbaycan Müdafiə Nazirliyi diqqətə alıb müvafiq hazırlıqlar görə bilər.
Digər tərəfdən, mümkündür ki, Ter-Tadevosyan Ermənistan cəmiyyətində erməni ordusunun itkilərinin artması ilə bağlı narazılıqları yatırmaq üçün «cavab zərbəsi» barədə planların olduğunu deyir.
Ermənistanda yəqin nəzərə alırlar ki, təmas xəttində indiki gərgin vəziyyətdə erməni ordusunun cızığından çıxması dərhal Azərbaycan tərəfinin qat-qat artıq ölçüdə cavab zərbəsi ilə müşayiət olunacaq. Bu isə genişmiqyaslı hərbi əməliyyatların başlanması üçün qığılcım rolunu oynaya bilərdi.
Azərbaycan Müdafiə Nazirliyi isə təmas xəttində vəziyyətin nəzarət altında olduğunu bildirir və ermənilərin hücuma hazırlaşdıqları barədə məlumatları təsdiq etmir.