Vaxt.Az

Kadırovun səhhəti pisləşir


 

Prosesi diqqətlə izləyən Kreml Çeçenistanı kim həvalə edəcək?

Kadırovun səhhəti pisləşir Rusiyaya bağlı Çeçenistan Muxtar Administrasiyasının prezidenti Ramzan Kadırovun səhhətinin pisləşdiyi bildirilir. Bildirilir ki, Kadırov artıq ekrana nadir hallarda çıxır və onun yoxluğu təkcə fiziki deyil, həm də siyasi baxımdan hiss olunur.

“The New York Times” (NYT) təhlilində qeyd edilir ki, 20 ilə yaxındır hakimiyyətdə olan Kadırovun yerinə kimin keçəcəyi hələ də qeyri-müəyyəndir.

Çeçenistan liderinin varisi kimi ən çox diqqət çəkən ad onun 17 yaşlı oğlu Adam Kadırovdur. Gənc yaşına baxmayaraq, oğlu Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib və eyni zamanda atasının Daxili İşlər Nazirliyində nümayəndəsi vəzifəsində çalışır.

Orta məktəbi yenicə bitirən Adam son 10 gündə iki medalla təltif edilib və ötən həftə Rusiya lideri Vladimir Putin ona zəng edərək ad gününü təbrik edib.

Halbuki, Rusiya qanunlarına görə, regional liderin ən azı 30 yaşı olmalıdır. Lakin Ramazan Kadırovun 20 yaşlarında faktiki lider roluna yiyələnməsi onun oğlunun da eyni yolu tuta biləcəyindən xəbər verir.

Çeçenistanın rəhbəri ola biləcək daha iki mühüm ad var.

Onlardan biri də Kadırovun sadiq müttəfiqlərindən biri olan Maqomed Daudovdur. O, Kadırovun olmadığı müddətdə rəsmi görüşlərə sədrlik edir və onun göndərdiyi mesajları oxuyur.

Digər adı isə Kadırovun yaratdığı “Ahmet” adlı xüsusi təyinatlı dəstənin komandiri Apti Alaudinovdur. 2021-ci ildə Ukrayna cəbhəsindəki müharibədə iştirakı ilə Kremlin diqqətini çəkən Alaudinov “hərbi təcrübəsi və Moskvaya yaxınlığı” səbəbindən analitiklər tərəfindən ciddi namizəd kimi görünür.

Təhlildə həmçinin vurğulanır ki, Çeçenistan aydın yeni liderin olmaması səbəbindən qeyri-müəyyənliyə sürüklənə bilər.

Kadırovun xəstəliyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Qərb və Ukrayna mənbələri Çeçenistan liderinin böyrək çatışmazlığından və ya kəskin pankreatitdən əziyyət çəkdiyini iddia edib.

 





03.07.2025    çap et  çap et