İsveçrə hökuməti verdiyi açıqlamada deyilir ki, “European Sky Shield” çərçivəsində əldə edilən razılaşma alman istehsalçısı “Diehl”dən orta mənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasını nəzərdə tutur.
Açıqlamada alman istehsalçısı ilə danışıqların böyük ölçüdə başa çatdığı və müqavilənin yaxın həftələrdə imzalanmasının gözlənildiyi bildirilib.
Bildirilib ki, sözügedən sazişi İsveçrənin “Armasuisse” Müdafiə Təchizat Agentliyinin prezidenti Urs Loher və Almaniya Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin rəisi Karsten Stavitski imzalayıb.
***
Ötən ay İsveçrə Federal Parlamenti tərəfindən qəbul edilən və silahların ən azı 30 faizinin Avropadan alınmasını nəzərdə tutan yeni müdafiə strategiyasına uyğun olan saziş iki qonşu ölkə arasında müdafiə tədarükü sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyir.
“European Sky Shield” Almaniya tərəfindən 2022-ci ildə Avropanın hava hücumundan müdafiəsini gücləndirmək üçün birgə müdafiə planı olaraq istifadəyə verilib. Layihə hava və raketdən müdafiə sistemlərinin birgə alınmasını nəzərdə tutur və iqtisadi səmərəliliyi və çevikliyi artırmaq məqsədi daşıyır. Ötən il İsveçrə də bu təşəbbüsə qoşulub.