Sosial şəbəkələrdə qarşıma tez-tez "Filankəs efiri belə tərk etdi" kimi paylaşımlar çıxır. Və baxıram ki, efiri tez-tez tərkedilən əsasən 1 kanal var. Adını qeyd etməyəcəm, çünki, belə "tərk etmə" xəbərləri videolarına baxsanız görəcəksiniz bəlli olacaq.
Bu hal bir xəbərdir, hadisədir bəli. Amma burda bir əmma var.
Əmması odur ki, bu xəbər, bir həkimin, bir müəllimin ya da yarışa gedən bir idmançının imtahandan, yarışdan uduzub çıxması xəbəri ilə eyni dəyərdədir. Yaşayan üçün utandırıcı, çox yayılması istənməyən bir xəbərdir.
Yəni, bir televiziya kanalı üçün bu vəziyyətin yaranması və üstəlik bu hadisənin xəbər kimi yayılması utanc hissi yaşadacaq bir haldır əslində. Çünki, həm də biznes qurumudur. Nüfuzunu qorumaq məcburiyyətindədir.
Televiziya da digər istehsalat ilə məşğul olan biznes növləri kimi, verilişlər kimi əqli, fikri məhsul istehsalalı ilə məşğul olan, həm də fərqli və üstün bir qurumdur.
Necə ki, dünya brendləri məhsullar istehsal edib satır, televiziya da veriliş istehsal edir, yayımlayır və öz auditoriyasına izlətməklə saniyyəsini reklamçı müştərisinə satır.
Fərqli və üstün olan tərəfi isə içtimai yayımçılıq sahəsindədir. Xəbər yayır, fikir formalaşdırır, psixoloji, emosional təsir gücünə malikdi. 4-cü hakimiyyət hesab edilir. Yəni, sıradan bir biznes qurumu deyil. Yıxıb, qurma gücünə malikdir.
Efir, bir televiziyanın NAMUSudur.
Buna görə də efirində yayımlanan hər dəqiqənin haqq-hesabını tutmalıdır. Çünki, həm də saniyəsindən pul qazanır. Məsələnin kritik məqamı buradadır. Hər şey buradadır...
Bu saniyələrdən asan, yoxsa çətin yolla qazanmaq?!
Asan yolla bul qazanmaq necə olur onu hamımız bilirik, yazmağa ehtiyac yoxdur. Həm də belə pul qazananların da Namusunun sorğulandığını hamımız bilirik.
Ona görə də peşəkar televiziyalar efirlərini namusları kimi qorumalıdırlar məncə. Bunun əksi, pul üçün hər şey edən insanlarla özünü eyni tərəziyə qoymaqdır.
Çətin yolu isə budur: Televiziya rəhbərliyi və produserlər tamaşaçı tərəfindən sevilə biləcək, gələcək vəd edən aparıcı kəşf etdikləri zaman, o aparıcı üzərində çalışır, hansı sahənin aparıcısı olacaqsa ən azı 2 il işi ilə paralel yetişdirir.
Aparıcının həvəsi və təhsili ilə maraqlanırlar, o aparıcı hansı sahəni sevir və məlumatlıdır bunlarla maraqlanırlar. Aparıcı ilə bərabər mövzular üzərində işləyirlər. Sınaq, (Demo) verilişlər edirlər. (Hələ canlı verilişi nəzərdə tutmuram. Ora hələ gəlməyə çox var.)
Mən hələ ki, video yazı olan verilişlərdən danışıram. Veriliş çəkilişli olsa da, salamlaşmadan sağollaşmaya qədər aparıcı çəkiliş zamanı redaktor və layihə rəhbərləri tərəfindən izlənilir. Çəkilişdən öncə olduğu kimi, sonra da müzakirə edilir, qeyd olunan üstünlük və əskikliklər deyilir, səbəblər müəyyənləşir, montaja gedir və aparıcının da, redaktorun da iştirakı ilə montaj edilir və bəyənilirsə layihə yayımlanmağa başlayır.
Efiri tərkedilmək isə o deməkdir ki, o kanalın, o aparıcının efirinin heç bir hörməti, ağırlığı, önəm və əhəmiyyəti yoxdur. Bu hal isə baş ucalığı, nüfuz gətirmir. Hər dəfə efiri tərk edildikcə 5:0 uduzması deməkdir. Özü də kimlərə? Müğənnilərə...
Böyük bir kanal üçün efirinin tez-tez tərk efilməsi utanılacaq bir vəziyyət olmalıdır əslində, amma görünür eyni kanal nüfuzundan vazkeçib. Yoxsa, eyni kanalın efirində yayımlanan bir neçə verilişlərindən nəinki bu kimi “tərk etmə” videoları, ümumiyyətlə efiri tərk etmə halları yaşanması. Normalda yaşanmamalıdır da.
Hörmətli kanal produserlər, aparıcılar əgər siz də “sosial media çağıdır” deyib TikTokerlərlə, İnstaqram “qəhrəman”ları ilə özünüz arasında fərq görmürsünüzsə, Baboşlarla, Bayramlarla, Ləmanlarla, yarışırsınızsa bu vəziyyətdə 1-ci bəllidir. Siz ikincisiz. Çünki, onlardan daha yaxşı olmaq üçün, onlardan çox daha abırsız olmalısınız.
Onlar işlərini sizdən daha yaxşı bilir. Prinsiplərinə sizdən daha sadiqdilər, daha səmimidirlər.
İndi siz hər yolla onlardan daha abırsız olmaq istəyirsinizsə və bu yarışa girirsinizsə, kanalın efirinə namusunuz kimi yanaşmırsınızsa, sosial şəbəkələrdə sevincək, həvəslə “filankəs efiri belə tərk etdi” videoları ilə adınızı çıxarmaq istəyirsinizsə, əvvəl Utanılacaq şeylər indi sizin üçün qürur mənbəyidirsə inciməyin, ASAN YOLLA PUL QAZANMAĞI SEÇMİSİNİZ.