İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparıldığını söyləyən İlham Əliyev Ermənistan tərəfindən şəhər və kəndlərimizin, 65 məscid və tarixi abidələrimizin xarabalığa çevrildiyini bildirib: “Hətta iki məscidimizdən inək, donuz tövləsi kimi istifadə edilib”.
Ermənistan tərəfindən dağıdılan, viran, xaraba qoyulan torpaqlarda yeni şəhərlər və kəndlərin inşa edildiyini deyən Prezident Ermənistandan deportasiya olunan Qərbi azərbaycanlıların da hüquqlarının pozulması ilə bağlı qəti mesajlar verib. Dədə-baba yurdlarına qayıdışı üçün sülh yolu ilə səylərin davam edəcəyini vurğulayıb.
2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsindən məmnunluğunu ifadə edən dövlət başçısı qeyd edib ki, çoxlu ölkələrin enerji təhlükəsizliyini təmin edirik - “Müxtəlif boru kəmərləri ilə 12 ölkəyə enerji, təbii qaz ixrac edirik ki, bu göstərici dünyada bizi ön sıralara daşıyıb. Çox strateji nəqliyyat dəhlizləri, Şərq-Qərb və Şimal-Cənub dəhlizi bizim ərazidən keçir və ECO-nun üzvü əksər ölkələr bu dəhlizlərdən istifadə edirlər”.
Göründüyü kimi, nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçməklə tranzit potensialımızı da əhəmiyyətli şəkildə artırır. Bu strateji dəhlizlər ECO-ya üzv ölkələrin əksəriyyəti üçün vacibdir və aparıcı nəqliyyat marşrutları rolunu oynayır. Regionda əsas nəqliyyat və logistika mərkəzi starusunu qazanan Azərbaycan üzv ölkələrin arasında iqtisadi inteqrasiyanı stimullaşdırır.
Bu nəqliyyat dəhlizlərinin gələcəkdə Qarabağın üzərindən keçməsi bu qədim və strateji yurdun dirçəlişində mühüm rol oynayacaq. Bütövlükdə Azərbaycanımızın qürur simvoluna və regional nəqliyyatın parlaq mərkəzinə çevriləcək.