Vaxt.Az

“Çto s vamı, Markov?”


 

Yaxud rusiyalı politoloqların gerçək siması...

“Çto s vamı, Markov?” Bu adamları Azərbaycan auditoriyasına xüsusi olaraq təqdim etməyə, zənnimcə, ehtiyac yoxdur. Çünki Azərbaycanda onları demək olar ki, tanımayan yoxdur.

Lakin görünür biz onları elə də yaxşı tanımamışıq, daha doğrusu, tanıya bilməmişik.

Yekaterinburq hadisələri bu adamların gerçək simasını, əsl “mən”ini üzə çıxarmaq üçün “lakmus kağızı” rolunu oynadı.

“FSB” və “OMON” adlı yarıfaşist rəsmi qurumların iyunun 27-də Yekaterinburqda soydaşlarımızı qətlə yetirməsindən sonra Maksim Şevçenko, Sergey Markov kimi politoloqlar bir göz qırpımında “Azərbaycanın dostları”ndan Putinin şovinist siyasətinin qatı müdafiəçilərinə çevrildilər.

Bu cür ildırımsürətli “çevrilmə”yə hətta “Metamorfoz”un mərhum müəllifi Frans Kafka da heyrət edərdi.

Maksim Şevçenko və Sergey Markov vicdan hissini itirərək, Azərbaycan tərəfinin Yekaterinburqdakı vəhşiliklərə sərt reaksiyasının səbəbləri ilə bağlı ən ağlasığmaz versiyalar irəli sürürlər.

Məsələn, Markov bu son günlərdə ən azı beş-altı versiya irəli sürüb. Əksəriyyəti də absurd versiyalardır. Həmin versiyalardan biri də budur ki, guya, Azərbaycanı Rusiyaya qarşı sərt cavab addımlarına Böyük Britaniya təhrik edir...

Markovun sərsəm versiyalarını davam etdirən Maksim Şevçenko isə deyir ki, son günlərdə Rusiya-Azərbaycan münasibətlərinin bu qədər kəskinləşməsi guya “ABŞ, İsrail və Azərbaycanın İranla müharibədə uduzmalarından” qaynaqlanır...

Gördüyünüz kimi bu adamların xəstə fantaziyaları bir-birindən cəfəng versiyalar irəli sürməkdə heç bir sərhəd tanımır.

Ən maraqlı mövqe isə Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun mövqeyidir.

Az qala hər gün Azərbaycan KİV-nə müsahibələr, açıqlamalar verən cənab İ.Korotçenko Rusiya güc strukturlarının Yekaterinburq varvarzimindən sonra isə sirli, müəmmalı şəkildə susur. Belarus, Moldova, Ukrayna və hətta uzaq Kuba ilə bağlı Rusiya mediasına açıqlamalar verməyə, eləcə də sosial mediada paylaşımlar etməyə davam edən Korotçenko, nədənsə, son günlərdə Rusiya-Azərbaycan qarşıdurması ilə bağlı bir kəlmə də fikir bildirmir. Hətta onun “Facebook” səhifəsindəki paylaşımlarından birinə şərh yazan Viktor Kaimov adlı bir izləyicinin “İqor Korotçenko, Azərbaycanla münasibətlərin pisləşməsi ilə bağlı şərhlər olacaqmı?” sualı da cavabsız qalıb.

Kim bilir, bəlkə də Korotçenko da öz həmyerliləri (Maksim Şevçenko, Sergey Markov) kimi ikiüzlülük etməmək üçün susmağa üstünlük verir.

Yekaterinburq hadisələrinə münasibətdə öz obyektiv mövqeyi ilə rəğbət doğuran hələlik yeganə şəxs isə tanınmış telejurnalist, siyasi şərhçi Aleksandr Nevzorovdur.

Putin rejiminin “inoagent” elan etdiyi, İsraildə və İtaliyada yaşayan A.Nevzorov hərdənbir Azərbaycanın ünvanına tənqidi fikirlər səsləndirsə də, lakin Yekaterinburq hadisələrində isə birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə etdi. Hətta bugünlərdə Azərbaycanın güc strukturlarının Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin üzvlərini saxlayarkən onların “qaz yerişi” ilə hərəkət etməyə məcbur edilməsi videokadrlarını şərh edən A.Nevzorov, rəsmi Bakının bununla Moskvaya kifayət qədər tutarlı cavab verdiyini deyir və indiyə qədər heç kimin Rusiyanı bu cür alçalda bilmədiyini düşünür. Görünən budur ki, Putin Rusiyasına sərt cavab verməyimiz, necə deyərlər, Nevzorovun ürəyindən lap tikan çıxarıb.

P.S. Rusiyanın həm sürüşkən və dəyişkən xarakterli politoloqlarının, həm də sayları olduqca az olan obyektiv insanlarının şərhlərini izləməyə davam edək. Haqq nazilər, ancaq heç vaxt üzülməz!

Redaksiyadan: “Çipollino” cizgi filminə baxanlar, yəqin ki, başlığın haradan gəldiyini bildilər.

 





04.07.2025    çap et  çap et