Maskalı etirazçılar Kondesa və Roma turizm bölgələrindəki lüks mağazaların şüşələrini sındıraraq ərazidəki turistlərə qışqırıblar. Pəncərələrdə “Meksikadan ayrılın” yazısı göründü. Etirazçılar əllərində “Qrinqolar (xaricilər), evlərimizi oğurlamayın” sözləri yazılmış lövhələr tutublar. Etirazçılar həmçinin yerli hakimiyyət orqanlarını turizm səviyyələrini daha yaxşı tənzimləməyə və daha sərt mənzil qanunlarını tətbiq etməyə çağırıblar.
Etirazçılar aksiyalarını ABŞ səfirliyi qarşısında və metro stansiyalarında davam etdiriblər. Polis səfirlik binasının qarşısına əlavə qüvvələr göndərib.
2020-ci ildə pandemiya hələ də davam edərkən, ABŞ-ın bir çox rəqəmsal “köçəriləri” ABŞ-dakı qapanmadan qaçmaq və ucuz kirayələrdən yararlanmaq üçün Mexikoya axışdılar. O vaxtdan bəri kirayə qiymətləri kəskin şəkildə qalxdı və yerli sakinlər Condesa və Roma kimi məhəllələri tərk etmək məcburiyyətində qaldılar.
19 yaşlı etirazçı Mişel Kastro şəhərin fəhlə mərkəzindən gəldiyini və çoxmənzilli binaların yavaş-yavaş turistlərin məkanına çevrilməsini izlədiyini deyib. “Mexiko bir transformasiyadan keçir. Buraya yaşamaq üçün gələn o qədər çox əcnəbi var, yəni amerikalılar. Bir çox insan bunun ksenofobiya olduğunu deyir. Amma belə deyil. Sadəcə... Buraya o qədər çox əcnəbi gəlib ki, “Airbnb” platforması səbəbiylə kirayələr qalxıb. Kirayə haqları o qədər yüksəkdir ki, bəzi insanlar artıq onları ödəyə bilmir”, – Kastro bildirib.
Oxşar etirazlar İspaniyanın Barselona və Madrid, Fransanın Paris və İtaliyanın Roma şəhərlərində keçirilib.