Dünyanın ən zəngin adamı “X” sosial media platformasındakı hesabında yeni partiya üçün növbəti sorğu açıb.
ABŞ-da “4 iyul Müstəqillik Günü” olduğuna diqqət çəkən Mask, “Müstəqillik günü iki partiyalı (bəziləri təkpartiyalı adlandırır) sistemdən azad olunmaq istəyib-istəmədiyinizi soruşmaq üçün mükəmməl vaxtdır”, – deyib.
Maskın “Amerika Partiyasını qurmalıyıqmı?” sualı ilə açdığı sorğuya indiyə qədər təxminən 240 min adam qatılıb. İştirakçıların 62 faizi “bəli”, 38 faizi isə “yox” deyib.
Bu sorğudan sonra Mask sosial media hesabında yeni siyasi partiya strategiyası ilə bağlı eyhamlar verən başqa bir yazı paylaşıb.
“Axios” xəbər saytının məlumatına görə, Mask yeni bir partiya yaratmaq üçün nə edilə biləcəyinə işarə edərək, “Bunu həyata keçirməyin bir yolu Senatda yalnız iki və ya üç yerə və Nümayəndələr Palatasında səkkizdən 10-a qədər seçki dairəsinə diqqət yetirmək olardı. Qanunverici orqandakı çox kiçik fərqləri nəzərə alsaq, mübahisəli qanunvericilikdə həlledici səs kimi çıxış etmək və bu səslərin xalqın həqiqi iradəsinə xidmətini təmin etmək üçün kifayət olacaq”, – deyib.
Digər tərəfdən Mask birbaşa olaraq hər hansı bir seçki yarışına istinad etmədiyi üçün bunun sadəcə bir təcrübə olduğu şərh edib.
ABŞ prezidenti Donald Trampın ABŞ ictimaiyyətində müzakirələrə səbəb olan “Böyük və Gözəl Qanun layihəsi” adlı vergi endirimi tənzimləməsinə görə Trampla fikir ayrılığına düşmüş İlon Mask iyunun əvvəlində “Amerika Partiyası” adlı yeni siyasi partiyanın yaradılması ideyasını ilk dəfə ictimaiyyətlə paylaşmışdı.
Daha əvvəl “X” platformasında yeni partiya yaratmaq ideyası ilə bağlı sorğu keçirən Mask, sorğunun nəticəsinə istinad edərək belə bir qiymətləndirmə etdi: “İnsanlar danışdı. ABŞ-da orta 80 faizi təmsil edəcək yeni siyasi partiyaya ehtiyac var. İnsanların düz 80 faizi eyni fikirdədir. Bu, taledir”.
Tramp isə Ağ Evdəki vəzifəsindən ayrılan və dünən imzaladığı vergi endirimi qanun layihəsini sərt tənqid edən Maskın açıqlamalarından çox məyus olduğunu bildirib.
Tramp iyulun 1-də Ağ Evdə Maskla bağlı açıqlamalar verib. Qanun layihəsini baha olması ilə tənqid edən ABŞ prezidenti, Maskın elektriklə işləyən avtomobil sektorunda “hakimiyyətini” itirdiyi üçün peşman olduğunu və Maskın “daha çox şey itirə biləcəyini” bildirdi.
“Federal israfın qarşısını almaq” məqsədi ilə qurulan və Maskın bir müddət məsləhətçi olaraq çalışdığı Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) diqqət çəkən Tramp, “DOGE canavar kimi geri qayıda bilər və İlonu yemək məcburiyyətində qala bilər” dedi.
Tramp Maskın deportasiya edilib-edilməyəcəyi ilə bağlı suala “Bilmirəm, görəcəyik” deyə cavab verib.