Almaniyada “BUND” və “Öko-Test” tərəfindən əvvəlki araşdırmalar “Shein”, “Temu” və “AliExpress” kimi ucuz alış-veriş platformalarında qadağan olunmuş kimyəvi maddələrin olduğunu vurğulamışdı. Bu narahatedici mənzərə Avstriya Əmək Palatası İstehlakçıların Müdafiəsi Birliyinin (AK OÖ) və ətraf mühit təşkilatı GLOBAL 2000 tərəfindən aparılan yeni bir araşdırma ilə daha da aydın oldu. Birgə araşdırmada “Temu” tərəfindən təchiz edilmiş 19 fərqli yay ayaqqabısı sınaqdan keçirildi. Səkkiz modeldə təhlükəli kimyəvi maddələr aşkar edilib; iki modeldəki zərərli maddələr AB-də satılmasına imkan verməyəcək səviyyədə idi.
Xüsusilə “flip flop” tipli tərliklər yüksək səviyyədə yumşaldıcı ehtiva etdiyi üçün diqqəti cəlb edirdi. Ekspertizaya görə, bu modellərin təxminən 42 faizində ftalatlar olduğu müəyyən edilib. AK OÖ, bu kimyəvi maddələrin reproduktiv sağlamlığa zərər verdiyini və hormonal sistemə zərər verə biləcəyini ifadə edib: “Bu maddələrin səviyyəsi “Temu”dan alınan “flip flop” modelində AB limit dəyərindən 420 dəfə yüksək idi”. Sözügedən yumşaldıcıların bədənə dəri və ya ev tozu ilə daxil olduğu, hətta uşaqlarda da aşkar edildiyi bildirilib.
***
Tədqiq edilən ayaqqabıların dörddə birindən çoxunda da qurğuşun təsbit edildi. GLOBAL 2000-dən Dominik Linhard xəbərdarlıq edərək, “Təsdiq edilmiş miqdar qanuni limitdən aşağı olsa da, qurğuşun zamanla orqanizmdə toplana və xroniki zəhərlənməyə səbəb ola bilər”, – deyib. Qurğuşun həm kanserogen, həm də reproduktiv təhlükə hesab olunur.
AB qanunları belə yüksək kimyəvi tərkibli məhsulların satışını qadağan etsə də, sözügedən ayaqqabılar onlayn alış-veriş platformaları vasitəsilə Avropa bazarına daxil olmağa davam edir. Avropa Şurasına görə, bazara nəzarət orqanları bu məhsulları daim izləyir və lazım gəldikdə geri çağırma, cərimə və ya xəbərdarlıq kimi tədbirlər görür. Avropa Komissiyası “Temu” və “Shein” kimi ucuz satıcılara qarşı daha sərt qaydalar tətbiq etməyi hədəfləyir.