Həm də yazıq və zəlil millətim… Özündə olanda qorxmaz, sarsılmaz, çarəsizliyə dözməyən millətim!
Qeyrət demişkən… Bizim millətdə həm qeyrətin, həm də qeyrətsizliyin ifrat forması mövcuddur. Niyə? Çünki babalarımız bizə qeyrəti başqa cür aşılayıblar. Onlara isə öz babaları fərqli aşılamışdı. Təəssüf ki, bir vaxtlar ərəblər, farslar, ruslar bizim babalarımızı qandırdı. Onlar Mete, Atilla, Tolqa, Çingiz Xan, Teymur kimi ata-babalarının vəsiyyətini unudub, yadellilərin öyrətdiyi kimi “qeyrətli” oldular.
Bəs əsas problem nədədir?
Biz qeyrət deyəndə çox zaman onu qadının azadlığını məhdudlaşdırmaqda görürük. Qonşumuz Qeyrət kişinin ailəsindəki qadınların təhsil almasına mane olmaqda, qızını atasının seçdiyi oğlana zorla ərə verməkdə, hansısa əminin oğlu qıza baxdı deyə onun gözünü çıxarmağa hazır olmaqda, toy gecəsi yengə məsələsini “qeyrətin pik nöqtəsi” kimi görməkdə…
Amma bir anlığa geniş baxaq. Qeyrətin həqiqi zirvəsində Vətən dayanır. Nüvəsində Vətən olmayan qeyrət anlayışı absurddur, davamlı da ola bilməz.
Hələ bəzən qeyrəti İranın Qum fahişəxanalarında axtaran vətəndaşlarımız da çıxır. Amma belə “qeyrət” anlayışı sonda qeyrətsizliklə eyniləşə bilər; hətta namusun antoniminə çevrilər.
Bunu başa düşmək üçün gəlin Şərqi Hun imperatoru Mete Xanın Çin imperatoruna verdiyi dərsi xatırlayaq: Çin imperatoru əvvəlcə Metedən məşhur atını istəyir. Mete verir. Sonra ən çox sevdiyi arvadını istəyir. Mete onu da verir. Amma imperator daha da azğınlaşıb, Çin sərhədinə yaxın, kiçik və “əhəmiyyətsiz” bir torpaq sahəsini tələb edəndə, Mete dərhal müharibə əmrini verir.
Saray əyanları səbəbini soruşanda Mete deyir:
“Atım və arvadım mənə məxsus idi. Mənə aid olan şey uğrunda xalqımı müharibəyə aparmağa haqqım yox idi. Torpaq isə xalqımındır – ata-babalarımızın əmanətidir!”
İroniyaya bax ki, ailə namusuna çox da önəm verməyən ruslar Vətən məsələsində ifrata varır, hətta bunun üçün işğallar həyata keçirirlər.
Bəli! Bizim üçün Vətən qeyrəti – daha doğrusu, VƏTƏNPƏRVƏRLİK – bütün mənəvi dəyərlərdən, hətta dindən də ucada dayanmalıdır. Çünki dinin daşıyıcısı xalqdır, xalqın isə anası Vətəndir. Xalq olmasa, din də olmaz. Vətəni qoruya bilməsən, yadellilər Xocalıda olduğu kimi ailə namusunu da tapdalayacaq, dinini də yasaqlayacaq, ən sonda isə maddi sərvətlərini talayacaq.
Tarix bizə bunu dəfələrlə göstərib. 44 günlük Vətən müharibəsi isə sübut etdi ki, Vətən qeyrətinin içində bütün digər qeyrət növləri mövcuddur.
Dədə Qorquddan bir ifadəni xatırladım: “Torpağı qorumursansa, əkib-becərməyə dəyməz!”
Məni ən çox düşündürən də elə budur…