Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov saytımıza açıqlamasında ermənilərə çağırış edərək «buyurub gəlsinlər»-deyə bildirib.
«NATO-ya üzv olan dövlətlərə, o cümlədən assosiativ üzvlər bu tədbirlə bağlı Azərbaycana dəvət olunur. Beynəlxalq tədbir olduğuna görə, burada iştirak edən hər bir dövlətə dəvətnamələr verilib. Azərbaycan tərəfi hər bir iştirakçının təhlükəsizliyi üçün tam təminat verib. Əgər onlar iştirak etmək istəyirlərsə, buyurub gələ bilərlər. Problem yoxdur» - deyə YAP yetkilisi qeyd edib.
Ermənilərin Bakıya gəlmək istəyi sözsüz ki, sırf tədbir xatirinə deyil. Çünki bundan öncə də bu kimi rəsmi tədbirlərə dəvət olunan ermənilər Bakıya gəlməkdən imtina etmişdilər. Onlar Bakıya gəlsələr belə təxribata əl atmış, Azərbaycanın imicinə ziyan vurmaq üçün əllərindən gələni etmişdilər. Heç şübhəsiz ki, onlar bu dəfə də Bakıda gəlsələr bu əməllərini davam etdirəcək. Bakıda dava salmaq, söz atmaq, sonra da beynəlxalq təşkilatlar qarşısında bunu Azərbaycanın ayağına yazmaq cəhdləri ermənilərin təcrübəsində dəfələrlə təkrar olunub. Bu baxımdan düşmən ölkə nümayəndələrinin Bakıya gəlib sakit durması mümkünsüz görünür.
Xatırlayırsınızsa, 2012-ci ildə Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası zamanı Ermənistanın sabiq xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Ovannisyan iclası pozmağa çalışmışdı.
O, gözlənilmədən tribunaya yaxınlaşaraq icazə verilmədən çıxış etmək istəyib. Bu zaman iclasa sədrlik edən şəxslər onu intizama dəvət ediblər. Lakin R.Ovannisyan aqressiya nümayiş etdirərək mikrofonsuz qışqırmağa və yersiz ittihamlar irəli sürməyə başlayıb.
Bu kimi hadisələrin fonunda ermənilərin gözlənilməz Bakı səfərinin sakin keçəcəyini gözləməyə dəyməz.
Maraqlıdır, ermənilər Bakıya niyə gəlirlər? Bu səfərin pərdəaxrasında nələr dayanır?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı israrlı şəkildə bu səfərin əleyhinədir. AzVision.az-a açıqlamasında QAT sədri hesab edir ki, ermənilərin Azərbaycana gəlməsində düşmən tərəfinin xüsusi məqsədi var.
«Ermənistanın nümayəndələri həyasızcasına bəyan edirlər ki, Bakıya gəlib snayperlərin yığışdırılması məsələsini ortaya qoyacaqlar. Biz nə üçün ermənilərə şərait yaratmalıyıq ki, Bakıya gəlib hansısa həyasızcasına bəyanatla çıxış etsinlər? Axı ermənilər Azərbaycanın ərazilərini işğal altında saxlayır.
Beynəlxalq təşkilatlar, o cümlədən NATO həmin snayperlərin Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirməsindən danışmalıdır. Nə üçün Azərbaycan ərazisində erməni snayperləri yerləşir, indi də həmin snayperlərin geri çəkilməsindən söhbət edir? Bunun səbəbi aradan qaldırılmalıdır, işğal faktı aradan qaldırılmalıdır»,- deyə QAT sədri vurğulayıb.
Akif Nağı çağırış edərək bildirib ki, ermənilərin Bakıya gəlməsinə imkan verilməməlidir.
«Bilirsiniz yəqin, ayın sonunda da ATƏT Parlament Assambleyasının iclası baş tutacaq və ora ermənilər dəvət olunub. Mən hesab edirəm ki, Azərbaycan tərəfi beynəlxalq təşkilatlar qarşısında özünü tolerant, demokratiya prinsiplərinə sadiq tərəfdaş kimi göstərmək üçün onları dəvət edir. Amma bu yanlış mövqedir. Azərbaycan tərəfi birmənalı şəkildə deməlidir ki, işğalçı dövlətin nümayəndəsi bu tədbirə qatılmamalıdır».
Politoloq Qabil Hüseynli isə fərqli düşünür. O, ermənilərin Bakıya gəlməsinin normal olduğunu deyib.
Ermənilərin Bakıda təxribat törədə biləcəyi haqda deyilənlərə toxunan politoloq hesab edir ki, Azərbaycana buna imkan verməyəcək.
«Bunu tamamilə normal qarşılayıram. Zənnimcə, belə bir işə əngəl törətmək və yaxud da hər hansı formada bunun əleyhinə çıxmaq imicimiz baxımından bizə xeyir gətirməz. Onlar NATO-nun tədbirinə qatılırlar, NATO-nun tədbirini biz təşkil etmirik ki?»
Qabil Hüseynlinin sözlərinə görə, təşkilatı tədbirin müəyyən tərəfləri Azərbaycanın üzərinə düşür: «Bütövlükdə götürsək, tədbirin ideyası, qarşıda duran məsələlər, qonaqların dəvəti hamısı NATO rəhbərliyi tərəfindən həyata keçirilir. Biz bu işə müqavimət göstərə bilmərik, göstərsək də yenə deyirəm bu Azərbaycanın əleyhinə işləyən bir təbliğata çevrilə bilər».
Qeyd edək ki, erməni deputatlar Bakıda keçiriləcək NATO-nun «Rose Roth» seminarında iştirak etmək istədiklərini açıqlayıblar. Bu barədə Ermənistanın NATO-dakı erməni nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan deyib.
Naqapetyan bildirib ki, erməni nümayəndə heyəti rəsmi Bakının təhlükəsizliyə zəmanət verəcəyi təqdirdə paytaxtımıza gəlmək istəyir. Deputat növbəti il seminarın İrəvanda keçirilməsini təklif etmək fikrində olduqlarını da bildiriblər.