ABŞ prezidenti xüsusilə müdafiə silahlarının prioritet olacağını vurğulayıb.
Prezidentin bəyanatı Ağ Evin yüksək rütbəli rəsmisinin keçən həftə Ukraynaya bəzi silahların, o cümlədən hava hücumundan müdafiə raketlərinin göndərilməsinin dayandırıldığını söyləməsindən sonra gəldi.
Qərar müdafiə naziri Pit Heqsetin təsdiq etdiyi xarici yardım və hərbi xərclərin nəzərdən keçirilməsindən sonra qəbul edilib.
Ağ Ev mətbuat katibinin müavini Anna Kelli o zaman bu addımın “ilk növbədə Amerikanın maraqlarına” uyğun atıldığını bildirib.
Rusiya isə Ukraynaya daşınmaların dayandırılmasını alqışlamış və qərarın ABŞ-ın kifayət qədər silah ehtiyatı olmaması səbəbindən verildiyini iddia etmişdi.
Pentaqonun sözçüsü Şon Parnell, “Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndərəcək. Bu, Ukraynanın özünü müdafiə etməyə davam etməsinə imkan verəcək. Bu qərar, davamlı sülhü təmin etmək üçün çalışdığımız zaman verildi” dedi.
***
Rusiya 2022-ci ildə genişmiqyaslı işğala başladıqdan sonra Ukraynaya ən çox hərbi yardım edən ölkə ABŞ olub. İndiyədək hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, reaktiv yaylım atəşi sistemləri, radar sistemləri, tanklar və tank əleyhinə silahlar da daxil olmaqla müxtəlif texnikalar göndərilib. Lakin bu yardım ABŞ-ın öz silah anbarına təzyiqi artırır.
Tramp bundan əvvəl mart ayında Ukrayna prezidenti Vladimir Zelenski ilə qızğın Oval kabinetdə keçirilən görüşdən sonra bütün hərbi yardımı müvəqqəti olaraq dayandırmışdı və daşımalar bir həftə sonra bərpa olundu.
***
Əlavə silah göndərmək qərarı Trampın keçən həftə həm Rusiya prezidenti Vladimir Putin, həm də Zelenski ilə ayrı-ayrılıqda görüşündən sonra verilib. Putinlə görüşdən sonra Tramp görüşü məyusedici adlandırıb və atəşkəslə bağlı heç bir irəliləyiş əldə olunmadığını deyib.
Zelenski son həftələr Qərb müttəfiqlərini Rusiyanın artan hava hücumları qarşısında ölkəsinin hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb.