İranda hakimiyyətə yaxınlığı ilə tanınan və tez-tez anti-Azərbaycan mövqeyi sərgiləyən “Bultan News” saytı İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini tənqid edib və həm İran, həm də Azərbaycan prezidentlərinə qarşı sərt ittihamlar səsləndirib.
“Cənab Pezeşkian, siz bir ildə hətta diplomatiyanın əlifbasını da öyrənməmisiniz?” başlıqlı məqalədə sayt yazır ki, Pezeşkianın Bakıya səfəri İranın gücünü nümayiş etdirmək əvəzinə, “yersiz təbəssümlərlə və qətiyyətsizliklə dolu zəif görüntü” yaradıb.
Məqalədə, habelə, Azərbaycanın “MOSSAD”a öz ərazisində fəaliyyət imkanı verməsi və İranın müqavimət oxuna qarşı çıxması iddia olunub. Sayt Pezeşkianın komandasını da tənqid edərək qeyd edib ki, səfər İranın Bakı ilə bağlı diplomatik mövqeyini sərt şəkildə ifadə etməsi üçün bir fürsət olmalı idi, ancaq bu baş verməyib.