Vaxt.Az

Köhnə nazirə yeni vəzifə


 

Misir Mərdanov cəmiyyətin fəxri prezidenti oldu

Köhnə nazirə yeni vəzifə Qırğızıstanda (İssık-Kul) Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresi keçirilib. AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr bölməsindən ANS PRESS-ə verilən məlumata görə, konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edib.


Azərbaycandan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak ediblər.

2011-ci ildə cəmiyyətin Bakıda keçirilən IV konqresində fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov cəmiyyətin prezidenti seçilib. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Qırğızıstandakı konfransda cəmiyyətin 3 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Türk Dünyası Riyaziyyat Cəmiyyəti V konqresinin bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti seçilib.

 

 





10.06.2014    çap et  çap et