Həqiqətən də onun yaradıcı və ictimai fəaliyyətinin əsas ideyası dünyaya isbat etmək idi. Əsl alman ruhunun daşıyıcıları insana nifrət ideologiyasını – faşizmi törədənlər deyil, ona qarşı mübarizə aparan humanistlərdir.
Yazıçının radio müraciətləri vətənində o qədər rezonans doğururdu ki, A.Hitler özü onlara reaksiya verməyə məcbur oldu. O, çıxışlarının birində, “Tomas Mann kimi təhrikçilər yanılırlar, alman xalqı heç zaman mənə və mənim rejimimə qarşı çıxmayacaq. Mənə qarşı çıxası adamlar vardısa da, onlar çoxdan qandallanıb”, – demişdi. Faşist ordusunun 1941-ci ilin qışında Moskva yaxınlığında ağır məğlubiyyətini “sonun başlanğıcı” adlandıran T. Mann – məğlubiyyət baş verərsə, almanların kökünü kəsəcəklər” –deyən Göbbelsə etiraz edərək, “Böyük alman xalqı hər şeyi sıfırdan başlamağa qadirdir”, – demişdi.
Doğrudan da tarix onun haqlı olduğunu sübut etdi. Böyük yazıçı bədii yaradıcılığı ilə yanaşı bu müraciətləri də alman xalqının vicdan və ləyaqətini faşistlərin qanlı əməlləri ilə tam ləkələnməkdən xilas etdi. Müharibə illərində xalqına radio ilə ümumilikdə 55 dəfə müraciət etmiş Nobel mükafatçısı son çıxışını təslim aktı imzalanandan bir gün sonra – 1945-ci il mayın 10-da etmişdi. Faşizmin darmadağın edilməsinə sevinən humanist sənətkar xalqının məğlubiyyətinə isə dərindən acıyırdı.
1945-ci ildə, müharibənin başa çatması ərəfəsində vətəninə və millətinə qarşı dünyada yaranmış mənfi təəssüratları və düşmənçilik əhval-ruhiyyəsini aradan qaldırmaq üçün ABŞ Konqresinin kitabxanasında “Almaniya və almanlar” adlı məşhur məruzəsi ilə çıxış edir. Məruzənin əsas məqsədi faşizmin cinayətlərinə görə alman xalqının günahlandırılmasının, ittiham edilməsinin haqsızlıq, ədalətsizlik olduğunu sübut etmək idi. O deyirdi ki, faşizmin əməllərindən ən çox ziyan görən və bəlaya düşən elə Almaniya və alman xalqının özüdür.
Yeri gəlmişkən, T. Mann faşizmə qarşı yalnız öz qələmi ilə mübarizə aparmırdı, onun iki oğlu faşistlərlə ABŞ ordusunun zabiti kimi əldə silah vuruşmuşdu.
1959-1961-ci illərdə "Xudojestvennaya literatura" nəşriyyatı Tomas Mannın əsərlərini 10 cilddə nəfis tərtibatda çap edib.