Vaxt.Az

2 min avro əməkhaqqı


 

Almaniyada hərbi xidmət gənclər üçün cazibədar edilir

2 min avro əməkhaqqı Almaniya Müdafiə Nazirliyi, ölkədə hərbi xidmətin cəlbediciliyini artırmaq məqsədilə gənc əsgərlərə ödənilən maaşları əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Yeni hazırlanan Hərbi Xidmət Qanunu layihəsinə əsasən, əsgərliyə çağırılan şəxslər bundan sonra hər ay 2.000 avrodan çox maaş alacaqlar.

 

Maaşlara 80 faizlik artım

Müdafiə naziri Boris Pistorius, əsgərlik xidmətini könüllü şəkildə icra edən şəxslərin maaşlarının daimi hərbçilərlə eyni səviyyəyə çatdırılacağını açıqlayıb. Bu addım, əvvəlki maaşlarla müqayisədə təxminən 80 faiz artım deməkdir.

“Der Spiegel” jurnalının məlumatına görə, gələcəkdə hərbi xidmətə çağırılan gənclər müvəqqəti əsgər statusu alacaqlar. Beləliklə, Federal Ödəniş Qanunu çərçivəsində onlar daha yüksək maaş alacaqlar.

 

Hərbi xidmət könüllü başlayacaq

Yeni qanun layihəsinin avqust ayı sonunda Almaniya Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır. Mövcud koalisiya hökumətində təmsil olunan SPD və CDU/CSU partiyaları, hərbi xidmətin ilkin mərhələdə könüllü əsasda həyata keçirilməsi üzərində razılığa gəliblər. Qanun layihəsində məcburi hərbi xidmət anlayışı yer almır.

 

Gənclərə sorğu göndəriləcək

Nazir Pistoriusun planlarına görə, ölkədəki 18–25 yaş arası bütün gənclərə sorğu forması göndəriləcək. Bu sorğunu kişilər məcburi, qadınlar isə könüllü şəkildə dolduracaqlar. Məqsəd Bundesverdə xidmət göstərmək istəyənlərin marağını ölçməkdir. Uyğun hesab edilən namizədlər növbəti mərhələyə – seçmə prosesinə dəvət olunacaqlar.

 

2027-dən məcburi xidmət ola bilər

Mətbuatın məlumatına görə, 2027-ci ildən etibarən məcburi hərbi xidmətə keçid mümkündür. İlk mərhələdə 15.000 yeni əsgərlə başlanması planlaşdırılır.

NATO-nun yeni tələblərinə uyğun olaraq, Almaniya ordusunun gələcəkdə 460.000 nəfərlik şəxsi heyətə ehtiyacı olacaq. Hal-hazırda isə Bundesverdə yalnız 182.000 aktiv və 49.000 ehtiyatda olan hərbçi mövcuddur. Nazir Pistorius 60.000 yeni aktiv əsgər və ümumilikdə 200.000 ehtiyat hərbçi hədəfləyir.

 

SPD daxilində narazılıqlar var

Bu planlar nazirin təmsil olunduğu SPD partiyası daxilində də birmənalı qarşılanmayıb. İyun ayının sonunda keçirilən partiya qurultayında Pistorius, bu addımlarla Bundesverdə və ehtiyat heyətdə “zəruri böyüməni təmin edəcəyik” ifadəsi ilə razılıq əldə edib.

 





09.07.2025    çap et  çap et