“JAKE17” kodu ilə tanınan “RC-135V Rivet Joint” casus təyyarəsi Böyük Britaniyada yerləşən Kral Hərbi Hava Qüvvələrinə aid bir bazadan havaya qalxıb. NATO-nun müttəfiq ölkələrinin hava məkanından keçən təyyarə, ardınca Estoniya, Latviya və Litva üzərindən uçaraq Finlandiya istiqamətində irəliləyib.
Hərbi və siyasi müşahidəçilər, bu uçuşun Moskvanın son aylarda artan hərbi fəallığı fonunda həyata keçirilməsini təsadüfi saymır. Təyyarənin keçdiyi marşrut, NATO-nun şərq cinahında kəşfiyyat və siqnal izləmə fəaliyyətlərinin intensivləşdiyinə işarə edir.
Xatırladaq ki, “RC-135V Rivet Joint” təyyarələri ABŞ və NATO-nun yüksək texnologiyalı siqnal kəşfiyyatı imkanlarına malik olub, əsasən Rusiya və Belarus sərhədlərində, eləcə də Qara dəniz və Baltikyanı bölgələrdə fəaliyyət göstərir.
Rusiya Federasiyasına məxsus Kalininqrad bölgəsinin ətrafında kəşfiyyat məqsədilə uçuş həyata keçirən hərbi təyyarə, NATO üzvü Böyük Britaniyaya qayıdıb. Baltik dənizi sahilində yerləşən və Litva ilə Polşa arasında sıxışmış bu Rusiya anklavı, regiondakı hərbi gərginliyin əsas mərkəzlərindən biri hesab olunur.
Qeyd olunan kəşfiyyat təyyarəsi, bu ilin may ayında ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası olan, Qətərin paytaxtı Dohanın yaxınlığında yerləşən Əl Udeyd Hava Bazasında idi.
Keçən ay İranın həmin bazaya hücum etmişdi. Həmin hücumun, ABŞ-ın İrana məxsus üç böyük nüvə obyektini bombalamasından sonra baş verdi.
Yaxın Şərqdə ötən ay baş verən və ABŞ-ın birbaşa müdaxilə etdiyi “12 günlük müharibə”nin ardınca, Rusiya məsələsinin yenidən ABŞ Prezidenti Donald Trampın xarici siyasət gündəminin ön sıralarına yüksəldiyi bildirilir.
NATO-nun şərq cinahında yerləşən üzv ölkələr, ABŞ-ın Avropadan uzaqlaşıb Hind-Sakit okean bölgəsinə daha çox diqqət yetirməsi fonunda, Rusiyanın yaxın illərdə hər hansı NATO ölkəsinə qarşı genişmiqyaslı hücum ehtimalından narahatlıqlarını artırır.
***
“Boeing” istehsalı olan “RC-135 Rivet Joint” tipli bu təyyarələr əsasən NATO-nun Rusiya və Belarusla sərhəddəki şərq cinahında, eləcə də Qara dəniz bölgəsində, xüsusilə Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadası ətrafında fəaliyyət göstərir.
Bu təyyarələr müxtəlif mənbələrdən siqnalları və elektron məlumatları toplayaraq genişmiqyaslı kəşfiyyat əməliyyatları aparır. Ekipajda 30-dan artıq hərbçi – o cümlədən elektron müharibə üzrə zabitlər və kəşfiyyat mütəxəssisləri yer alır.
İlk dəfə 1960-cı illərdə istifadəyə verilmiş bu təyyarələrin 2040-cı illərə qədər xidmət göstərəcəyi gözlənilir.