Vaxt.Az

“Niyə durub getmədi?”


 

Trampın Liberiya prezidentinə dediyi söz qalmaqal yaratdı

“Niyə durub getmədi?” ABŞ Prezidenti Donald Trampın Liberiya liderinin ingiliscəsini tərifləməsi Qərbi Afrika ölkəsində narazılıq doğurub. Rəsmi dili İngiliscə olan sabiq ABŞ koloniyası olan Liberiyanın prezidentinə bu şəkildə kompliment edilməsi, bir çoxları tərəfindən "alçaldıcı" ifadə kimi qiymətləndirilib.

“CNN International”ın məlumatına görə, Tramp bu fikirləri ötən gün Ağ Evdə bir neçə Afrika ölkəsinin lideri ilə keçirilən görüş zamanı səsləndirib. Liberiya Prezidenti Cozef Boakai ilə dialoq zamanı Tramp onun ingiliscəsini tərifləyərək belə deyib: “Çox gözəl bir ingiliscə... Bu qədər yaxşı danışmağı harada öyrəndiniz?”

Boakai suala təmkinlə cavab versə də, Tramp heyrətini gizlədə bilməyib və əlavə edib: “Bu masada sizin qədər yaxşı danışa bilməyən insanlar da var.”

***

Liberiya 1847-ci ildə müstəqillik qazanaraq Afrikada bunu edən ilk respublika olub. 1862-ci ilə qədər ABŞ tərəfindən tanınmayan ölkənin rəsmi dili ingiliscədir. Qeyd edək ki, Liberiya, ABŞ tərəfindən köləlikdən azad edilmiş afroamerikalıların məskunlaşdırılması məqsədilə yaradılmışdı.

Sosial mediada və ictimaiyyət arasında Trampın bu sözlərinə etiraz dalğası yüksəlib. Liberiyalı gənc fəal Arçi Tamel Harris CNN-ə deyib ki, “Bizim ölkə rəsmi olaraq ingiliscə danışır. Bu sual və vurğulama bizim kimliyimizi və təhsil səviyyəmizi kiçik görməkdir. Bu bir tərif yox, cahil bir yanaşmadır.”

Adının açıqlanmasını istəməyən liberiyalı diplomat da bu sözləri "uyğunsuz və aşağılayıcı" hesab etdiyini söyləyib.

Cənubi afrikalı siyasətçi Veronika Mente isə “X” platformasında sərt reaksiya verərək yazıb: “O (Boakai) niyə durub getmədi?”

***

Ağ Ev isə yaranan qalmaqala cavab olaraq Trampı müdafiə edib. Mətbuat katibinin müavini Anna Kelli bildirib ki, Trampın sözləri “səmimi bir tərif” kimi nəzərdə tutulub. O əlavə edib ki, Tramp “qlobal sabitlik üçün Baydendən daha çox iş görüb”.

Liberiyanın xarici işlər naziri Sara Beysolou Nyanti isə CNN-ə açıqlamasında Prezident Boakainin bu ifadəni şəxsi hücum kimi qəbul etmədiyini bildirib: “Tramp sadəcə özünə tanış olan amerikan aksentini eşidib və buna reaksiya verib. İngiliscənin fərqli aksent və formaları var, bu da onlardan biridir”.

 





10.07.2025    çap et  çap et