Vaxt.Az

Barış yaxınlaşır


 

Rusiya Cənubi Qafqazdan sıxışdırılır

Barış yaxınlaşır Təxminən 40 illik münaqişədən sonra Azərbaycan və Ermənistan liderləri ilk dəfə barış sazişinin yekunlaşdırılması istiqamətində rəsmi görüşə hazırlaşırdı. Görüş, Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutub.

Hər iki ölkənin rəsmi strukturları tərəfindən təsdiqlənən məlumata əsasən, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan barış sazişinin detallarını müzakirə edəcək. Bu, tərəflər arasında razılaşdırılmış saziş layihəsi üzərində aparılan ilk ikitərəfli rəsmi danışıqlar olub.

Görüşün əhəmiyyəti təkcə barış sənədinin müzakirəsi ilə məhdudlaşmır. Analitiklərə görə, Moskvanın bu prosesdə yer almaması Cənubi Qafqazda geosiyasi balansın dəyişdiyini göstərir.

 

Moskvanın Cənubi Qafqazdakı mövqeyi zəifləyir

 

Ermənistanın Regional Araşdırmalar Mərkəzinin (RSC) rəhbəri Riçard Qirakosyan bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı uğursuz müharibə onu regionda təsirsizləşdirib. “Bu, Moskvanın iradəsi ilə deyil, Bakının və İrəvanın Kremlin təsirindən uzaqlaşmaq istəyi ilə baş verir”, – deyə o qeyd edib.

Müşahidəçilərə görə, bu proses Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi antiterror tədbirindən sonra daha da sürətlənib. Ermənistan isə 2020-ci ildəki 44 günlük müharibə zamanı Moskvanın dəstəyinə güvənməyin nə qədər təhlükəli olduğunu anlamışdı.

Qirakosyan deyir ki, “həm Bakı, həm də İrəvan faktiki olaraq Moskvanı regiondan uzaqlaşdırmaqda maraqlıdır – bu, maraqların kəsişdiyi nadir məqamlardandır”.

 

Rusiya Ermənistandakı təsirini bərpa etməyə çalışır

 

Hazırda Moskva Ermənistanla münasibətləri bərpa etməyə cəhd edir. Bu məqsədlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-də İrəvana səfər etmişdi.

Qirakosyan bildirir ki, Rusiya eyni zamanda Ermənistanda iki paralel dezinformasiya kampaniyası aparır. Bu kampaniyalardan biri ölkənin ikinci böyük şəhəri Gümrüdəki Rusiya bazasına əlavə hərbi qüvvələrin gətirilməsi ilə bağlıdır. Ukrayna hərbi kəşfiyyatı isə Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu artırmaq barədə əmr verdiyini əks etdirən sənəd yaymışdı. İrəvan bu məlumatları təkzib edib.

Analitiklər hesab edir ki, bu cür iddiaların məqsədi həm Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasını təhdid etmək, həm də Qərbə inteqrasiya meyllərini zəiflətməkdir.

 

Regionda yeni geosiyasi reallıq

 

Ermənistan və Azərbaycan arasında barış prosesinin irəliləməsi, tərəflərin suverenlik və sərhəd tanınması məsələlərində ortaq nöqtəyə gəlməsi, Cənubi Qafqazda tamamilə yeni siyasi düzənin formalaşması ilə nəticələnə bilər. Bu isə Moskvanın onilliklərdir qurduğu təsir alətinin sıradan çıxması anlamına gəlir.

Müşahidəçilər vurğulayır ki, bu dəyişiklik təkcə region üçün deyil, həm də Qərbin enerji təhlükəsizliyi və geosiyasi strategiyaları baxımından əhəmiyyətli dönüş nöqtəsi ola bilər.

 





10.07.2025    çap et  çap et