“Pew” Araşdırma Mərkəzi tərəfindən aparılan beynəlxalq sorğunun nəticələrinə əsasən, kanadalıların əksəriyyəti ABŞ-ı ölkələri üçün “ən böyük təhdid” kimi görür. Bununla belə, respondentlərin 55 faizi ABŞ-ı Kanadanın “ən mühüm müttəfiqi” olaraq qəbul edir.
8 yanvar – 26 aprel tarixləri arasında keçirilmiş sorğuda dünyanın 25 ölkəsindən ümumilikdə 28 min 333 nəfər iştirak edib.
Sorğu nəticələri onu da göstərib ki, Kanadalıların ABŞ-a dair narahatlıqları, prezident Donald Trampın Kanadadan idxal olunan bəzi məhsullara 25 faiz tarif tətbiq etməsi və onun hakimiyyətə gəlməzdən əvvəl Kanadanı “ABŞ-ın 51-ci ştatı”na çevirmək barədə verdiyi qalmaqallı bəyanatlarla daha da güclənib.
***
Sorğuya əsasən, Meksikada ABŞ-ı ən böyük təhlükə hesab edənlərin faizi 68-dir. 37 faiz isə ən mühüm müttəfiq kimi qiymətləndirir.
Xatırladaq ki, Tramp prezident seçildikdən sonra həm Meksikaya, həm də Kanadaya qarşı sərt ticarət siyasəti yürütmüş, bu iki ölkəni “minlərlə insanın ABŞ-a qeyri-qanuni yollarla keçməsinə şərait yaratmaqda” və bunun nəticəsində tarif müharibəsinə səbəb olmaqda ittiham etmişdi.
ABŞ-a qarşı fərqli baxışlar
– İndoneziyalıların 40 faizi,
– Cənubi afrikalıların 35 faizi,
– Türkiyəlilərin isə 30 faizi ABŞ-ı ölkələri üçün ən böyük təhlükə sayır.
Bununla belə, bəzi ölkələrin əhalisi ABŞ-ı əsas müttəfiq kimi görməyə davam edir:
– İsraillilərin 95 faizi,
– Cənubi koreyalıların 89 faizi,
– Yaponiyalıların 78 faizi ABŞ-ı ən mühüm müttəfiq hesab edir.
– Britaniyalıların 51 faizi,
– Polşalıların 43 faizi,
– İtalyanların 42 faizi ABŞ-ı öz ölkələrinin ən əsas müttəfiqi kimi dəyərləndirir.
Rusiyaya və Çinə qarşı baxışlar
ABŞ-ın əsas rəqibləri olan Rusiya və Çin də beynəlxalq aləmdə ciddi təhlükə kimi görülür.
– Polşa əhalisinin 81 faizi,
– İsveçlilərin 77 faizi,
– Almanların isə 59 faizi Rusiyanı ən böyük təhlükə olaraq qiymətləndirir.
Çinə gəlincə:
– Avstraliyalıların 52 faizi,
– Yaponiyalıların 53 faizi,
– Amerikalıların isə 42 faizi Çin Xalq Respublikasını ölkələri üçün əsas təhdid olaraq görür.
Bu nəticələr, qlobal güc balansının necə dəyərləndirildiyini və ölkələrin öz milli təhlükəsizliklərini necə gördüklərini aydın şəkildə ortaya qoyur.