Hazırda Almaniyada qanuni pensiya yaşı mərhələli şəkildə 2031-ci ilə qədər 67 yaşa çatdırılır. Lakin bəzi siyasi dairələr və ekspertlər bu yaş həddinin 70-ə yüksəldilməsini də ciddi şəkildə müzakirə edirlər.
Mövcud sistemə əsasən, əksər insanlar yalnız 63 yaşdan əvvəl pensiyaya çıxmaq istədikdə güzəştlə (kəsintili) pensiya ala bilirlər. Bu yaş həddi belə bir çox vətəndaş üçün çətinlik yaradırkən, 70 yaş ssenarisi ictimai müzakirələrdə ön plana çıxır.
***
Xristian Demokrat İttifaqının (CDU) bəzi nümayəndələri və iqtisadçılar pensiya yaşının orta ömür uzunluğuna uyğun şəkildə avtomatik tənzimlənməsini təklif edirlər. Almaniyanın Federal Siyasi Maarifləndirmə Mərkəzinə (bpb) görə, bu model uzunmüddətli perspektivdə pensiya yaşının 70-dən yuxarı qalxmasına səbəb ola bilər.
İqtisadi Tədqiqatlar üzrə ifo İnstitutu isə bu məsələ ilə bağlı “Hollandiya qaydasını” gündəmə gətirir. Qaydaya əsasən, əgər orta ömür uzunluğu 3 il artırsa, insanlar əlavə 2 il işləyir və yalnız 1 il daha artıq pensiya alır.
***
“Frankfurter Rundschau” qəzetinin hesablamalarına görə, “Hollandiya qaydası”nın tətbiqi üçün Almaniyada orta ömür uzunluğunun təxminən 4,5 il artması lazımdır. Hazırkı artım tempi nəzərə alındıqda, bu dəyişikliyin yalnız 45 ildən sonra gerçəkləşməsi mümkündür. Beləliklə, 2003-cü il təvəllüdlü bir vətəndaş, əgər dəyişiklik baş verərsə, 2070-ci ildə 70 yaşında pensiyaya çıxa bilər.
Hazırda isə 70 yaşda pensiyaya çıxmaq yalnız bir müzakirə mövzusudur, rəsmi qərar və ya qanun hələ yoxdur.
***
Hazırda istənilən şəxs qanuni pensiya yaşını keçdikdən sonra işləməyə davam edə bilər. Əlavə iş aylara görə pensiya məbləğinə artım formasında əks olunur. Lakin “Sparkasse” bankının hesabatına görə, Almaniya əhalisinin əksəriyyəti bu fikrə müsbət yanaşmır. Sorğular göstərir ki, respondentlərin təxminən 70 faizi pensiya yaşının hətta 68-ə qaldırılmasına qarşı çıxır.
Digər tərəfdən, Almaniya hökuməti yalnız yaş həddini deyil, pensiya sisteminin əhatə dairəsini də genişləndirmək niyyətindədir. Əmək naziri Bərbel Basın təklifinə əsasən, gələcəkdə məmurlar və sərbəst peşə sahibləri də pensiya sisteminə daxil edilə bilər. Bundan əlavə, 2026-cı ildən “pensiyaya erkən başlama” adlı yeni sistemin tətbiqi planlaşdırılır.