Yerli mətbuatın xəbərinə görə, Almaniya Pensiya Sığortası İdarəsi (Deutsche Rentenversicherung) bildirir ki, köçdükdən sonra ünvan dəyişikliyi Deutsche Post Rentenservice xidmətinə vaxtında çatdırılmalıdır. Əgər bu bildiriş gecikərsə və “Rentenservice” tərəfindən göndərilən məktublar yeni ünvana çatmazsa, artıq ödənişlərin qarşısını almaq məqsədilə maaşlar müvəqqəti olaraq dayandırıla bilər.
Bu qayda yalnız Almaniya daxilindəki yerdəyişmələrə deyil, eyni zamanda ölkə xaricinə köçən təqaüdçülərə də şamil olunur.
Ünvan dəyişikliyi necə bildirilir?
Onlayn bildiriş: “Rentenservice”in rəsmi internet saytı vasitəsilə tez və asan şəkildə edilə bilər.
Poçtla bildiriş: Saytdan endirilə bilən forma doldurularaq poçtla göndərilməlidir. Bu formu bütün poçt şöbələrindən də əldə etmək mümkündür.
Düzgün ünvana göndəriş: Hər təqaüdçünün müraciət etməli olduğu “Rentenservice” ofisi onun pensiya sənədlərində və illik məlumat məktublarında göstərilir.
Yeni ünvan haqqında bildiriş “Rentenservice” tərəfindən alındıqdan sonra, bu məlumat avtomatik olaraq Pensiya İdarəsinə ötürülür. Yəni təqaüdçü yalnız bir dəfə məlumat verməklə kifayətlənə bilər.
Qeyd: 2025-ci ilin dekabr ayından etibarən təqaüd ödənişləri yalnız bank hesabları vasitəsilə həyata keçiriləcək.
Nə zaman bildirmək lazımdır?
Almaniya qanunvericiliyinə əsasən, köçdükdən sonra ən geci iki həftə ərzində yeni ünvana görə yerli qeydiyyat idarəsinə (Bürgeramt) müraciət edilməlidir. Eyni zamanda “Rentenservice”ə də məlumat verilməsi tövsiyə olunur. Ünvan dəyişikliyi vaxtında bildirildiyi halda, ödənişlərin dayandırılması və ya gecikməsi kimi problemlərin qarşısı alınmış olur.
XALİDƏ