Vaxt.Az

“Sələfinə bənzəməyə başlayıb”


 

Putin-Tramp xəttində külək tərsinə döndü, rus mediasında qarşı ritorika sərtləşdi

“Sələfinə bənzəməyə başlayıb” ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə qarşı Ukrayna müharibəsinə dair sərt tənqidlərindən sonra Rusiya dövlət mediası və sosial şəbəkələrdə Trampa yönələn tənqidlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bəzi rusiyalı şərhçilər Trampı sabiq prezident, demokrat Co Baydenə bənzətməyə başlayıblar.

“The Moscow Times” xəbər verir ki, Trampın 4 iyulda Putinlə telefon danışığı apardıqdan sonra Ukraynada atəşkəs və sülh məsələsində ciddi irəliləyiş əldə olunmaması, həm Rusiya mətbuatında, həm də sosial şəbəkələrdə Trampa qarşı ritorikanın dəyişməsinə səbəb olub.

Əvvəllər Tramp, Rusiya dövlət mediasında Baydenin “pragmatik alternativi” kimi təqdim olunurdusa, indi onun intellektual səviyyəsi və siyasi etibarlılığı açıq şəkildə şübhə altına alınır.

 

“Putinlə yalnız özü danışa bilərmiş kimi davranır”

 

Kremllə yaxınlığı ilə tanınan televiziya aparıcısı Vladimir Solovyov, “Tramp son vaxtlar kobud danışmağa başlayıb. Görünür, bir növ “Baydenləşmə” mərhələsinə qədəm qoyub. Özünü Putinlə danışa biləcək yeganə şəxs hesab etməsi, onu Baydenin başqa bir versiyasına çevirib”, – deyib.

Solovyov əlavə edib ki, Rusiya Trampın ritorikasına uyğunlaşmaq məcburiyyətində deyil.

Başqa bir aparıcı, Olqa Skabeyeva isə Ukraynanın Rusiyanın kimyəvi silahlardan istifadə etdiyinə dair BMT-yə etdiyi müraciətin, ABŞ tərəfindən “Rusiya rejimini əzmək üçün” istifadə olunacağını deyib.

 

“Baydeni belə keçə bilər”

 

“Vesti” kanalında yayımlanan şərhdə bildirilib ki, Trampın Putinə qarşı narazılığı, Ukraynadakı müharibənin onun gözlədiyi kimi getmədiyindən qaynaqlanır. “Rossiya 1” kanalında isə bir ekspert, “Ukraynanın çökməsi ilə Trampın “şəxsi Əfqanıstanı” da sona yaxınlaşır. İndi o, getdikcə daha çox Baydenə bənzəyir”, – deyib.

***

“The Moscow Times” və “Botnadzor” izləmə qrupu bildirir ki, Trampın son çıxışından sonra Rusiya sosial şəbəkəsi “VKontakte”də ona qarşı 2 mindən çox mənfi şərh yayılıb. Bu mesajlarda Trampa “axmaq”, “boşboğaz”, “bipolyar” kimi ifadələr işlədilib. Bəzi istifadəçilər isə onun Ukraynaya daha çox silah göndəriləcəyi bəyanatını “blef” adlandırıblar.

Xatırladaq ki, Tramp 4 iyulda Putinlə danışdıqdan sonra ABŞ-ın Ukraynaya hərbi dəstəyini davam etdirəcəyini bildirmişdi. Lakin daha əvvəl yayılan və ABŞ rəsmiləri tərəfindən də təsdiqlənən xəbərlərdə, müəyyən silah tədarüklərinin müvəqqəti dayandırıldığı qeyd olunmuşdu.

 





10.07.2025    çap et  çap et