İran-fars mərkəzli siyasi oyun quran dairələr, beynəlxalq hüquqda heç bir statusa malik olmayan və hüquqi məna daşımayan “kütlə” sözlüklərdən bilərəkdən istifadə etməklə, Azərbaycan türkü, bəluç, ərəb və digər qeyri-fars millətlərini şəxsiyyətsizləşdirib onların milli varlığını “adsız kütlələr” anlayışı içində əritmək və beləliklə onların siyasi iradəsini yox saymaq istəyirlər.
“Kutlə” sözünün “millət” anlayışı ilə əvəzlənməsi, çoxmillətli İran adlanan ölkənin gerçəkliyini inkar etməyə və onun yerinə fars-mərkəzli, süni və uydurma bir “vahid İran milləti” yaratmağa yönəlmiş yüz illik siyasi-ideoloji layihənin tərkib hissəsidir.
Bu isə nə tarixi baxımdan, nə dil və nə də mədəni reallıq baxımından mövcud olmayan, yalnız zorakılıq, assimilyasiya və milli müxtəlifliyin sistemli inkarı nəticəsində ayaqda tutulan saxta bir kimlikdir.
Sözsüz ki, Güney Azərbaycan Milli hərəkatına mənsub gerçək milli-siyasi qurum və təşkilatlar belə ideoloji tələlərə qarşı ayıq olmalı, siyasi dil və anlayış seçimində dəqiq və prinsipial mövqe sərgiləməlidirlər. Hər kəs bilməlidir ki, İran adlanan ölkədə Millətlər var və onlara “Kütlə” deyərək bu gerçəkliyi gizlətmək olmaz.