Vaxt.Az

Tokio Pekindən zəmanət gözləyir


 

Yaponiya nadir torpaq elementlərinə çıxış istəyir

Tokio Pekindən zəmanət gözləyir Yaponiya xarici işlər naziri Takeşi İvaya, Çinli həmkarı Van Yi ilə görüşündə Yaponiya şirkətlərinin nadir torpaq elementlərinə çıxışının təmin olunması məsələsini gündəmə gətirib.

Yaponiya XİN-in məlumatına görə, iyulun 11-də Malayziyada keçirilən görüş zamanı İvaya nadir torpaq elementləri və maqnitlərin ixracına tətbiq edilən məhdudiyyətlərə görə narahatlığını ifadə edib. O, Çin tərəfini ixrac lisenziyalarının təsdiqi prosesini sürətləndirməyə çağırıb.

Görüşdə Yaponiya yaxınlığında Çin hərbi təyyarələrinin fəallığının artması da Tokionun narahatlığı kimi dilə gətirilib. İvaya bildirib ki, Çin hərbi aviasiyasının Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus təyyarələrə yaxın uçuşları regionda sabitliyi risk altına atır.

Çin Xarici İşlər Nazirliyi isə görüşlə bağlı açıqlamasında bu spesifik məsələlərə toxunmayıb. Bunun əvəzində Van Yinin Yaponiya ilə münasibətlərin sabit və ardıcıl şəkildə inkişaf etdirilməsinin tərəfdarı olduğu vurğulanıb. Nazirlik, iki ölkənin qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardığını da qeyd edib.

Yaponiya tərəfinin bildirdiyinə görə, danışıqlarda Yaponiya mal-qarasının Çinə ixracının bərpası və heyvan sağlamlığı üzrə karantin razılaşmasının tezliklə qüvvəyə minməsi istiqamətində razılıq əldə olunub.

Tokio əlavə edib ki, Pekin tərəfindən Yapon dəniz məhsullarına tətbiq olunan qadağanın aradan qaldırılması ilə bağlı prosesdə də irəliləyiş var.

 





11.07.2025    çap et  çap et