Vaxt.az xəbər verir ki, Trampın bəyanatı ABŞ-ın Ukraynaya daha çox hərbi yardım göstərməyə hazırlaşdığı bir vaxta təsadüf edir. Prezident, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı hücumlarını tənqid edərək, Senatın Rusiyaya qarşı daha sərt sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edəcəyinə ümid etdiyini vurğulayıb.
“Bu məsələ mənim səlahiyyətim daxilindədir. Çox ciddi və mühüm bir sanksiya paketi qəbul ediləcək, amma onu tətbiq etmək ya da etməmək prezidentin qərarına bağlıdır”, – deyə Tramp bildirib.
Prezident əlavə edib ki, NATO müttəfiqləri ABŞ-ın Ukraynaya göndərəcəyi silahların maliyyə yükünü tam şəkildə üzərinə götürəcək: “NATO-ya silah göndəririk və bu silahların bütün xərclərini NATO qarşılayacaq”.
O, eyni zamanda, Müdafiə naziri Pit Heqsetin Ukraynaya silah tədarükünü dayandırmaq göstərişi verdiyini bilmədiyini də söyləyib.
Xatırladaq ki, bu açıqlamalar ABŞ Dövlət katibi Marko Rubionun Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitində Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra səsləndirilib.
Ukraynaya göndərilməsi nəzərdə tutulan silahlar arasında hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri və digər hərbi texnika yer alır.