Vaxt.Az

Ağ Evdən Pauelə sərt sözlər


 

“Qurum ciddi şəkildə pis idarə olunur”

Ağ Evdən Pauelə sərt sözlər ABŞ Prezidenti Donald Trampın daha sürətli faiz endirimi tələb etdiyi Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauellə bağlı Ağ Evdən tənqidlər səngimir.

Vaxt.az xəbər verir ki, Ağ Evin Büdcə və İdarəetmə idarəsinin direktoru Rassel Vout Pauellin FED-i ciddi şəkildə pis idarə etdiyini bildirib. Voutun Pauellə bağlı narazılığı təkcə faiz siyasəti ilə bağlı deyil, həm də FED-in Vaşinqtondakı baş ofisinin təmir layihəsi ilə əlaqədardır.

Voutun Pauellə ünvanladığı məktubda, “Prezident, Federal Ehtiyat Sistemini idarəetmə tərzinizdən dərin narahatlıq keçirir. Siz FED-in maliyyə sabitliyinə fokuslanmaq əvəzinə, Vaşinqtondakı mərkəzi binada bərbad dərəcədə bahalı təmir aparırsınız”, – deyilir.

O, digər federal binalarla müqayisədə bu layihənin qeyri-adi dərəcədə baha başa gəldiyini bildirib və Pauelldən layihəyə dair əlavə izahat tələb edib.

Ağ Evdə daha bir sərt çıxış isə Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassettdən gəlib. “Fox Business”ə danışan Hassett bildirib ki, FED gömrük rüsumlarının iqtisadi təsirləri barədə hər hansı model və ya təhlil paylaşmayıb: “FED-in bu qədər kritik mövzuda şəffaflıq göstərməməsi məyusedicidir. ABŞ-da faiz dərəcələrinin Avropa ilə bu qədər fərqlənməsi, qurumun artıq müstəqil olmadığını düşünməyə əsas verir”.

Bununla yanaşı, San-Fransisko FED-in rəhbəri Meri Deyli cari ildə iki faiz endiriminin mümkün olduğunu bildirib və əlavə edib ki, rüsumların qiymətlərə təsiri gözləniləndən daha az ola bilər.

 





11.07.2025    çap et  çap et