Vaxt.Az

Zərbə növbəsi Trampa keçdi


 

NASA-nın başına İlon Maskın “dava etdiyi” nazir gətirildi

Zərbə növbəsi Trampa keçdi ABŞ Prezidenti Donald Tramp NASA-nın (Milli Aeronavtika və Kosmik Fəzanın Araşdırılması İdarəsi) “müvəqqəti direktoru” vəzifəsinə Nəqliyyat naziri Şon Daffini təyin etdiyini elan edib.

Vaxt.az xəbər verir ki, Tramp özünün “Truth Social” platformasında paylaşdığı açıqlamada Daffinin ABŞ-ın nəqliyyat sahəsində “mükəmməl” iş gördüyünü bildirib. Prezident qeyd edib ki, Daffi müasir hava hərəkəti sistemləri qurub, eyni zamanda ABŞ-da yolları və körpüləri yenidən inşa edib.

Tramp əlavə edib: “Qısa müddətə olsa da, getdikcə daha da əhəmiyyətli bir quruma çevrilən NASA üçün əla bir lider olacaq. Təbrik edirəm və təşəkkürlər, Şon!”

Trampın bu təyinatı, texnologiya milyarderi və keçmiş müttəfiqi olan İlon Maskla arasında yaşanan və son vaxtlar açıq-aşkar hiss olunan gərginliyin fonunda baş verib. Tramp əvvəllər NASA-nın rəhbərliyinə qoymağı planlaşdırdığı şəxsdən imtina edib.

Mask ilə Trampın arasını pozan əsas səbəblərdən biri milyarderin yaxın dostu Cared İsaakmanın NASA rəhbəri postuna irəli sürülməsinin Tramp tərəfindən geri çəkilməsi olub. İsaakman daha əvvəl iki dəfə Maskın “SpaceX” şirkəti ilə kosmosa uçmuşdu.

İsaakmanın namizədliyinin Demokratlara etdiyi ianələr səbəbindən geri çəkildiyi iddia edilsə də, həmin ianələrin əvvəlcədən bəyan edildiyi və Trampın bu məlumatdan xəbərdar olduğu bildirilir.

Tramp bu barədə açıqlamasında belə deyib: “Mask yaxın dostlarından birinin NASA-ya rəhbərlik etməsini istədi. Həmin şəxsin çox yaxşı olduğunu düşünsəm də, onun daha əvvəl heç bir Respublikaçıya dəstək verməmiş bir Demokrat olduğunu öyrəndikdə təəccübləndim.”

“İlonun kosmos sahəsində çox yaxın bir dostunun NASA-ya rəhbərlik etməsi məqsədəuyğun deyil. Üstəlik, NASA hazırda İlonun korporativ həyatının çox böyük bir hissəsini təşkil edir.”

***

Trampın müvəqqəti rəhbər olaraq Maskla əvvəllər də münasibətləri gərginləşmiş Daffini seçməsi diqqət çəkib.

ABŞ-ın nüfuzlu nəşrlərindən “The New York Times”ın yazdığına görə, daha əvvəl keçirilən kabinet toplantılarından birində Mask və Daffi arasında mübahisə baş verib.

İddiaya görə, Daffi, Maskın bir vaxtlar rəhbərlik etdiyi Hökumət Effektivliyi İdarəsinin (DOGE) komandası tərəfindən hava nəzarətçilərinin, təyyarə qəzalarının çoxaldığı bir dövrdə işdən çıxarılmasına çalışıldığını bildirib: “Nə etməliyəm? Hal-hazırda bir neçə təyyarə qəzası ilə məşğulam, siz isə məndən hava nəzarətçilərini işdən çıxarmağımı istəyirsiniz?”

Mask isə bu iddianı qəti şəkildə təkzib edərək Daffidən “güya işdən çıxarılanların” adlarını tələb edib. Daffi isə ad verə bilməyəcəyini, çünki həmin şəxslərin işdən çıxarılmasının qarşısını aldığını bildirib.

Sonradan Mask DEI (çeşidlilik, bərabərlik və inklüzivlik) proqramları çərçivəsində işə götürülən şəxslərin hava nəzarət qüllələrində işləməsi məsələsində israrlı olub. Daffinin bu nöqtədə geri çəkildiyi və məsələnin bağlandığı bildirilib.

Daha sonra tərəflər növbəti müzakirələr üçün bir-birinə telefon nömrələrini veriblər və Trampın vəziyyətə müdaxilə etdiyi, gözlənilməz təkliflə çıxış etdiyi deyilir.

İddialara görə, bu zaman Tramp Daffiyə Massaçusets Texnologiya İnstitutunda (MIT) çalışan mütəxəssisləri hava nəzarətçisi kimi işə götürməsini tövsiyə edib: “Hava nəzarətçiləri dahi olmalıdır.” Beləliklə, mübahisə bu sözlərlə sonlandırılıb.

 





11.07.2025    çap et  çap et